BDU-da Qarabağın orta əsr şəhərlərinin arxeoloji memarlığı tədqiq olunur

BDU-da Qarabağın orta əsr şəhərlərinin arxeoloji memarlığı tədqiq olunur
Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya və etnoqrafiya kafedrasında tarix elmləri doktoru, professor Tarix Dostiyevin “Qarabağın orta əsr şəhərlərinin arxeoloji memarlığı” mövzusunda elmi seminarı keçirilib.
Seminarda professor Tarix Dostiyev Qarabağın arxeoloji irsinin öyrənilməsinin müasir dövrdə aktuallığını vurğulayaraq, Bərdə, Örənqala, Qalatəpə, Torpaqqala və Şahbulaq şəhər yerlərinin arxeoloji materialları əsasında bölgənin orta əsr memarlıq xüsusiyyətlərini təhlil edib.
Təqdimat zamanı qeyd olunub ki, Qarabağın düzənlik ərazisində yerləşən Bərdə, Beyləqan və Qalatəpə şəhər yerlərində aparılan arxeoloji qazıntılar müsəlman şəhər mədəniyyətini və islam memarlığını səciyyələndirən nümunələri üzə çıxarıb. Düzən Qarabağdan Yuxarı Qarabağa keçid zonasında yerləşən Torpaqqala və Şahbulaq şəhər yerlərində isə erkən islam dövründə xristian memarlığının mövcudluğunu təsdiqləyən materiallar aşkar edilib.
Seminar iştirakçılarına arxeoloji baxımdan nisbətən yaxşı öyrənilmiş Beyləqan (Örənqala) şəhər yerinin erkən islam və Səlcuq dövrlərinə aid hərbi və mülki memarlığı, eləcə də şəhər abadlığı ilə bağlı zəngin faktiki materiallar təqdim olunub. Bildirilib ki, bu materiallar şəhər landşaftında ictimai-dini və yaşayış binalarını, xatirə abidələrini, həmçinin onların inşasında istifadə edilən çatma tağlar, tağ-tavanlar, günbəzlər, çatma tağlı portallar və stalaktit karnizlər kimi memarlıq elementlərini öyrənməyə imkan verir. Eyni zamanda, Yuxarı Qarabağda alban xristian memarlığının inkişafını davam etdirdiyi vurğulanıb.
Sonda kafedranın əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Hicran Mahmudova məruzə ilə bağlı fikirlərini bölüşüb. Professor Tarix Dostiyev iştirakçıların suallarını cavablandıraraq, müasir dövrdə arxeoloji memarlığın öyrənilməsinin əhəmiyyətini bir daha diqqətə çatdırıb.