BDU-da “Novruz Tələbə Festivalı”

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə “Novruz Tələbə Festivalı” keçirilib.
Tədbirdə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov tələbələri Novruz bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O qeyd edib ki, Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini, zəngin mədəniyyətini və əsrlər boyu qorunub saxlanılan adət-ənənələri özündə əks etdirən ən əziz bayramlardan biridir. Novruz yalnız təbiətin oyanışı deyil, insanların qəlbində yenilənmə, ümid və birlik hisslərini gücləndirən xüsusi bir gündür. Bütöv, suveren Azərbaycanda Novruzun böyük təntənə ilə qeyd olunması, bayram tonqallarının ölkəmizin hər bir guşəsində alovlandırılması milli birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir. Prorektor vurğulayıb ki, 2009-cu ildən etibarən Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun beynəlxalq səviyyədə də yüksək dəyər qazandığını göstərir.
Daha sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məhəmməd Məmmədov Novruz bayramının tarixi kökləri və formalaşma mərhələləri haqqında ətraflı məlumat verib.
Fakültədə təhsil alan Özbəkistandan və Qazaxıstandan olan əcnəbi tələbələr- Rayxona Bekmuradova və Gulzhanat Zhaksybek ölkələrindəki Novruz ənənələri haqqında danışıblar.
Tədbirin bədii hissəsində fakültə tələbələri, eləcə də Universitetin Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşları müxtəlif musiqi və səhnə nömrələri ilə çıxış edərək bayram ab-havası yaradıblar.
Sonda “Ən yaxşı xonça” və “Ən yaxşı təqdimat” nominasiyaları üzrə fərqlənən qruplar təltif olunublar.