BDU-da “Maliyyə-iqtisadi zaman sıralarının spektral kointeqrasiya analizi” mövzusunda elmi seminar
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə elmi seminar keçirilib. Seminarda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Riyazi iqtisadiyyat kafedrasının müdiri, professor Elşar Orucov və Riyazi iqtisadiyyat kafedrasının doktorantı Nəzrin Burcalıyeva “Maliyyə-iqtisadi zaman sıralarının spektral kointeqrasiya analizi” mövzusunda məruzə ediblər.
Məruzədə müasir şəraitdə maliyyə-iqtisadi proseslərin qeyri-xətti xüsusiyyətləri və yeni çağırışlar fonunda ekonometrikanın klassik qiymətləndirmə üsullarının modifikasiyasının vacibliyi qeyd olunub. İnnovativ ekonometrik modellərin tələblərinə uyğun olaraq xətti və qeyri-xətti trend əsaslı dalğalanma proseslərinin modellərinin işlənib hazırlanmasının zəruriliyi önə çəkilib. Stasionar rəqsli komponentli harmonikalar, evolyusiyalı amplitudlarla rəqsi komponentlər, kvadratik və eksponensial trendlərlə bağlı real praktik zaman sıraları arasında qarşılıqlı asılılıqların kointeqrasiya yanaşmaları ilə birgə uzunmüddətli tarazlı hərəkətlərinin təhlili, sinus və cosinus funksiyaları ilə korrelyasiya əmsallarının qiymətləndirilməsi, periodoqramma və spektroqramma analizləri nəzərdən keçirilib.
Seminarda Furye səbəbiyyət-nəticə analizi, qeyri-stasionar zaman sıralarının aşkar riyazi ifadələrlə Furye ECM modelinin qurulması məsələsinə baxılıb. Qurulma prosesində yaranan nəzəri və statistik analizin praktik çətinliklərindən danışılıb, onların həlli yollarına müəyyən izahlar verilib, qiymətləndirilmiş spektral kointeqrasiya münasibətlərinin adekvatlığı, qısamüddətli və uzunmüddətli dinamika üçün modellərin nəticələrinin korrektliyi təhlil olunub.
Seminarın sonunda çıxışçılar onlara ünvanlanan sualları cavablandırıblar.