BDU-da gender bərabərliyinə həsr olunmuş maarifləndirici tədbir

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə gender bərabərliyi və məişət zorakılığına həsr olunmuş “Qırılan səssizlik” adlı maarifləndirici tədbir keçirilib.
Tələbə Gənclər Təşkilatının Coğrafiya fakültəsi üzrə sədri Zəhra Yusubova zorakılığın yalnız fərdi deyil, həm də cəmiyyətin inkişafına mənfi təsir göstərən sosial problem olduğunu bildirib. O, mövzunun açıq şəkildə müzakirə edilməsinin mühüm olduğunu, səssiz qalan insanların səsinin eşidilməsinin belə tədbirlərin əsas hədəfi olduğunu vurğulayıb.
Daha sonra mövzu ətrafında tələbələr arasında interaktiv dialoq aparılıb. Gender bərabərliyi ilə bağlı yanlış təsəvvürlər, məişət zorakılığının psixoloji və sosial nəticələri, mövcud yardım mexanizmlərinə çıxış imkanları barədə geniş fikir mübadiləsi təşkil olunub.
Tədbirin sonunda tələbələrin iştirakı ilə “Mesaj oyunu” keçirilib. Oyun zamanı iştirakçılar zorakılığa “yox” deyən, bərabərliyi və empatiyanı təşviq edən qısa motivasiya mesajları yazaraq bir-birlərinə ötürüblər. Bu aksiya həmrəylik və dəstəyin simvolu kimi dəyərləndirilib.