BDU-da elmi seminar: “Azərbaycan ədəbi dil tarixində akademik Tofiq Hacıyev mərhələsi”

Bakı Dövlət Universitetinin(BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının təşkilatçılığı ilə professor Tofiq Hacıyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan ədəbi dil tarixində akademik Tofiq Hacıyev mərhələsi” mövzusunda elmi seminar keçirilib.
Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədov dilçi alimin həyatı və yaradıcılığı haqqında məlumat verib. O bildirib ki, Tofiq Hacıyev yetişdirdiyi tələbələri və zəngin elmi irsi ilə Azərbaycan dilçilik elminin və türkologiyanın inkişafında mühüm xidmətləri olan, sağlığında elmi-ədəbi məktəb formalaşdıran görkəmli alimlərdən biri olub.
Seminarda kafedranın dosenti Qızılgül Abdullayeva “Azərbaycan ədəbi dil tarixində akademik Tofiq Hacıyev mərhələsi” mövzusunda məruzə edib. O bildirib ki, akademik Tofiq Hacıyev milli ədəbi dil tarixinin öyrənilməsində yeni elmi mərhələnin əsasını qoyub. Qeyd olunub ki, alimin araşdırmaları Azərbaycan ədəbi dilinin təşəkkülü, inkişaf mərhələləri və ümumtürk dil mühiti ilə bağlı mühüm elmi konsepsiyaların formalaşmasına ciddi təsir göstərib.
Vurğulanıb ki, Tofiq Hacıyev dil tarixini yalnız qrammatik və ya leksik faktlarla məhdudlaşdırmayaraq, onu xalqın milli təfəkkürü, tarixi yaddaşı və mədəni irsi ilə vəhdətdə araşdırıb. Onun əsərlərində Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolu dil faktları əsasında təhlil olunub, ədəbi dilin müxtəlif dövrlərdəki inkişaf prosesi elmi şəkildə sistemləşdirilib. Məruzədə akademikin xüsusilə qədim və orta əsrlər Azərbaycan yazılı abidələrinin dil xüsusiyyətləri ilə bağlı araşdırmalarının türkologiya elmində mühüm əhəmiyyət daşıdığı qeyd edilib.
Qızılgül Abdullayeva bildirib ki, Tofiq Hacıyev Azərbaycan ədəbi dilinin tarixini araşdırarkən ümumtürk kontekstini əsas götürərək Azərbaycan türkcəsinin zənginliyini və müstəqil inkişaf xüsusiyyətlərini elmi faktlarla ortaya qoyub. O, alimin dilçilikdə milli mövqeyi qoruyan, ana dilinin saflığı və inkişafı uğrunda prinsipial mövqe nümayiş etdirən ziyalılardan biri olduğunu diqqətə çatdırıb.
Sonda görkəmli alimə həsr olunmuş film izlənilib.