BDU-da ağır psixi pozuntuları olan pasiyentlərin psixososial reabilitasiyası problemi tədqiq olunur

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasında “Azərbaycanda ağır psixi pozuntuları olan pasiyentlərin psixoloji ehtiyacları və psixososial reabilitasiyanın tədqiqi problemi” mövzusunda elmi seminar keçirilib.
Kafedranın doktorantı Səyyarə Yusubova mövzu üzrə məruzə edib. Məruzəçi ağır psixi pozuntuları olan pasiyentlərin psixoloji və sosial ehtiyaclarını, onların cəmiyyətə uyğunlaşması prosesində qarşılaşdıqları çətinlikləri və psixososial reabilitasiyanın bu prosesdə oynadığı mühüm rolu diqqətə çatdırıb. Qeyd edib ki, ağır psixi pozuntuların yalnız tibbi deyil, sosial və psixoloji aspektlərinin də kompleks şəkildə öyrənilməsi zəruridir. Bu kateqoriyadan olan pasiyentlərin psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi onların emosional sabitliyinin təmin olunması, sosial münasibətlər sisteminə adaptasiyası və həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Psixososial reabilitasiyanın müasir elmi yanaşmaları, bu sahədə beynəlxalq təcrübə və onların Azərbaycanda tətbiqi imkanlarından da danışan Səyyarə Yusubova psixososial reabilitasiyanın yalnız klinik müalicə ilə məhdudlaşmadığını, pasiyentlərin sosial bacarıqlarının inkişaf etdirilməsi, əmək fəaliyyətinə cəlb olunması, ailə və cəmiyyətlə münasibətlərinin bərpası kimi mühüm komponentləri də özündə ehtiva etdiyini, bu baxımdan multidissiplinar yanaşmanın – psixiatr, psixoloq, sosial işçi və digər mütəxəssislərin birgə fəaliyyətinin vacibliyini xüsusi vurğulayıb.
Seminarda həmçinin Azərbaycanda ağır psixi pozuntuları olan şəxslərin psixoloji ehtiyaclarının öyrənilməsi istiqamətində aparılan elmi tədqiqatların mövcud vəziyyəti təhlil edilib, psixososial reabilitasiya xidmətlərinin institusional inkişafı və bu sahədə elmi-metodoloji bazanın gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, pasiyentlərin cəmiyyətə reinteqrasiyası prosesində sosial dəstək mexanizmlərinin formalaşdırılması, stiqma və diskriminasiya hallarının azaldılması, eləcə də psixi sağlamlıq sahəsində profilaktik və reabilitasiya yönümlü proqramların genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Seminar çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.