“Aprel döyüşləri böyük Zəfərin baş məşqi idi” – BDU-da tədbir

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültə dekanı Rövşən Cavadov Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb, bu hərbi əməliyyatın böyük Zəfərin baş məşqi və müjdəçisi adlandırıb. Tarixin ibrət dərslərindən nəticə çıxarmağı gənclərə tövsiyə edən fakültə dekanı tələbələri keçmişimizi unutmamağa səsləyib.
Fakültə tələbələri Mehriban Rəşidova, Təranə Rzayeva və Xanım Əliyeva Aprel döyüşlərinin iştirakçıları olmuş ataları haqqında məlumat veriblər. Tələbələr döyüşlərdə böyük mərdlik və şücaət göstərmiş valideynləri ilə fəxr etdiklərini bildirib, onların adlarını daim uca tutacaqlarına söz veriblər.
Dövlət Sərhəd Xidməti Akademiyasının Tibb bölməsinin rəisi, tibbi xidməti kapitanı, Aprel döyüşlərinin iştirakçısı Turan Cəfərova bildirib ki, Aprel döyüşlərində həyat yoldaşı polkovnik-leytenant Həsən Cəfərovla birlikdə iştirak edib. Döyüşlərdə həyat yoldaşı hərbi qulluqçu, özü isə hərbi həkim kimi fəaliyyət göstərib: “Bu döyüşlər Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini, Vətənə olan sonsuz məhəbbətini dünyaya bir daha nümayiş etdirdi. Bu döyüşlər bir daha sübut etdi ki, kişi və qadın olmasından asılı olmayaraq, hər bir Azərbaycan əsgəri Vətən uğrunda canından keçməyə hazırdır. Fəxr edirəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında mənim də payım var”.
Fakültənin kafedra müdirləri belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, onların öz tarixi keçmişlərinə hörmətlə yanaşmasında və milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında mühüm rola malik olduğunu qeyd ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.