622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
TƏDRİS
9 Sentyabr 2026 12:50

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
Ali məktəbə qəbul hər bir gəncin həyatında yeni mərhələnin başlanğıcıdır. Yüksək nəticə göstərərək universitetə qəbul olmaq isə uzunmüddətli zəhmətin, məqsədyönlü hazırlığın və əzmkarlığın nəticəsidir. Bu il 622,7 bal toplayaraq Bakı Dövlət Universitetinin (BDU) “Biotexnologiya” ixtisasına qəbul olan tələbəmiz Aydan Namazlı da qarşısına yeni məqsədlər qoyub. Biologiya və tibb sahələrinə olan marağı onu müasir elmin perspektivli istiqamətlərindən biri olan biotexnologiyaya yönəldib.
- Bakı şəhər 245 nömrəli orta məktəbi yüksək göstəricilərlə bitirmişəm. Biologiya və tibb sahələrinə xüsusi marağım ixtisas seçimimə təsir etdi. 622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasına qəbul olmağım həm maraqlarıma, həm də gələcəkdə özümü elmi istiqamətdə inkişaf etdirmək planlarıma uyğundur. Nəticə məni sevindirsə də, əsas məsələ bundan sonra Universitetdə özümü inkişaf etdirmək və uğurlarımın sayını çoxaltmaqdır.
- İxtisas seçimində BDU-ya üstünlük verməyinizin səbəbi nədir?
- Bakı Dövlət Universitetini seçməyimin əsas səbəbi güclü elmi və akademik mühitə malik olmasıdır. “Biotexnologiya” ixtisasının tədrisinin ingilis dilində olması da mənim üçün böyük üstünlükdür. Düşünürəm ki, BDU-nun mənə verdiyi biliklər sayəsində gələcəkdə elmi istiqamətdə inkişaf edə biləcəyəm.
- Hazırda ən çox tələbat olan sahələrdən birini – biotexnologiyanı seçmisiniz. Bu ixtisasın perspektivini necə görürsüz?
- Biotexnologiya biologiya və müasir texnologiyaları birləşdirir, insan sağlamlığına fayda verir. Bu sahənin gələcəkdə daha çox inkişaf edəcəyini düşünürəm. Mən də bu inkişafın bir hissəsi olmaq istəyirəm.
Qəbuldan əvvəl biotexnologiyanı əsasən biologiya, genetika və texnologiyanı birləşdirən bir sahə kimi təsəvvür edirdim. Araşdırdıqca fərqinə vardım ki, bu sahə düşündüyümdən daha genişdir. Tibbi biotexnologiya, genetika, mikrobiologiya kimi sahələri də əhatə etməsi mənim üçün maraqlı oldu.
– Gələcəkdə özünüzü biotexnologiyanın hansı sahəsində görürsünüz?
– Gələcəkdə özümü daha çox embriologiya və ya genetika sahəsində görürəm. Bakalavr təhsilimi bitirdikdən sonra bu sahələrdən biri üzrə xarici ölkələrdə magistr təhsili almağı düşünürəm. Daha sonra əldə etdiyim bilik və təcrübə əsasında Azərbaycanda elmi-tədqiqat mərkəzləri, laboratoriya və ya klinikalarda işləmək istəyirəm.
– Qarşıdakı tələbəlik illəri ilə bağlı əsas gözləntiniz nədir?
– Əsas məqsədim universitetdə yaxşı təhsil almaq, özümü həm nəzəri, həm də praktiki baxımdan inkişaf etdirməkdir. Biotexnologiya üzrə daha çox araşdırma aparmaq və elmi fəaliyyətə hazırlaşmaq istəyirəm. 622,7 bal uğurlarımın başlanğıcıdır. Bundan sonra da üzərimdə işləyərək daha böyük nəticələr əldə etməyə çalışacağam.
Hazırladı: Nərminə Əsədova
Son XƏBƏRLƏR
08.09.2026 | 14:54
“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
07.09.2026 | 15:09
BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07.09.2026 | 15:08
BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
04.09.2026 | 15:51