“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş
Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə tələbələrin görüşü keçirilib.
Görüşdə birinci “Yüksəliş” müsabiqəsinin qalibi, Ali Məhkəmənin İnzibati işlər üzrə sektor müdiri Ləman Qafarzadə, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi, Dövlət Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyeva, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ölkə ofisinin kommunikasiya eksperti Azad Qəribov, həmçinin, BDU-nun 40 il öncəki məzunu, Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Elmira Ağayeva iştirak edib.
“Mən tələbə olsaydım” konsepti ilə başlayan görüşdə qonaqlar tələbələlik illəri, keçdikləri təcrübə, qarşılaşdıqları çətinliklər və motivasiyanın yaradılma üsullarından söz açıblar. Bildiriblər ki, karyerada uğur əldə etmək tələbəliyin ilk illərindən qarşıya hədəf və məqsədlərin qoyulması, karyera plan xəritəsinin çəkilməsi, CV-nin ilkin variantının hazırlanmasından başlayır. Tələbələr artıq III-IV kurslarda işə qəbul mərhələsinə hazır, öz ixtisasları istiqamətində mövcud təcrübə proqramları ilə tanış olmalıdırlar. Onlar tələbələrə uğursuzluqlardan çəkinməməyi, yalnız irəliyə, yüksəlişə doğru getməyi tövsiyə ediblər.
Qonaqlar zamanın tələblərinin dəyişdiyini və dövrün daha geniş imkanlar vəd etdiyini diqqətə çatdırıblar. Bunun üçün yeniliklərə açıq olmaq, xüsusən də ali təhsil dövründə dərslərlə yanaşı, tədrisdən kənar fəaliyyətlərlə məşğul olmaq, bacarıqları da formalaşdırmaq lazımdır. “Necə deyərlər, gələcək bu gündən ona hazırlananlara aiddir”.
Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə interaktiv formada davam edib.