"Clarivate Analytics" şirkətinin nümayəndələri BDU-da
Bakı Dövlət Universitetində (BDU) qlobal səviyyədə tanınmış "Clarivate Analytics" şirkətinin nümayəndələri ilə görüş olub. Görüşdə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, rektorun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə, "Clarivate Analytics" şirkətinin nümayəndələri Valentin Boqorov və Anna Trifonova iştirak ediblər.
Görüşdə BDU-nun elmi-araşdırma potensialının qlobal standartlar üzrə optimallaşdırılması, beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi və akademik təsir dairəsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Rektor Elçin Babayev qeyd edib ki, "Clarivate Analytics"lə əməkdaşlıq Universitetin beynəlxalq arenada rəqabət qabiliyyətinin yüksəldilməsi, elmi sahədə yeniliklərin tətbiqi və tədqiqatçıların dəstəklənməsi üçün güclü baza yaradır.
"Clarivate Analytics'in beynəlxalq akademik sahələrdə elmi nəşrlərin təsir gücünün qiymətləndirilməsi üzrə qabaqcıl mövqeyi bu əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayır.
Görüşdə birgə konfrans və seminarların keçirilməsi, elmi nəticələrin dəyərləndirilməsi və BDU-nun tədqiqatçılarının "Clarivate Analytics"in elmi resurslarına çıxışının daha da genişləndirilməsi ilə bağlı da müzakirələr aparılıb.
"Clarivate Analytics"in nümayəndələri Valentin Boqorov və Anna Trifonova Universitetin elmi fəaliyyətinin dünya səviyyəsində tanınması üçün effektiv həll yollarını təqdim ediblər. "Clarivate Analytics" tərəfindən təklif olunan resurslar və ixtisaslaşmış analitik alətlər sayəsində BDU-nun elmi təsir dairəsinin, istinad indeksinin və tədqiqatçıların beynəlxalq jurnallara çıxış imkanlarının yeni səviyyəyə qalxacağı vurğulanıb.