BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi”nin növbəti təlimi
Bakı Dövlət Universitetində (BDU) "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynlinin iştirakı ilə "I Gənc mədəniyyət müxbirləri məktəbi" layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Jurnalistikanın etik kodeksləri, mətbuatın yazılmayan qanunları barədə fikirlərini bölüşən təlimçi mədəniyyət sahəsi üzrə ixtisaslaşmaq arzusunda olan jurnalistlərin bilməli olduqları xüsusi nüansları izah edib. Təlimçi bildirib ki, yaxşı mədəniyyət müxbiri olmaq istəyən şəxs yazının janrını, maraq dairəsini əvvəlcədən müəyyənləşdirməli, mədəni irsimizi yaxşı bilməli və ədəbi, mədəni prosesi yaxından izləməlidir.
Seyfəddin Hüseynli 20 illik redaktor təcrübəsini, peşə fəaliyyəti ərzində qarşılaşdığı maraqlı hadisələri tələbələrlə bölüşüb. Auditoriyanın suallarını cavablandıran qonaq ilkin qələm təcrübəsi kimi tələbələrə təəssüratlarını yazmağı tövsiyə edib və bildirib ki, "525-ci qəzet"in qapıları istedadlı gənclərin üzünə həmişə açıqdır.
Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsi, Azərbaycan Mətbuat Şurası və "525-ci qəzet"in birgə təşkilatçılığı ilə həyata keçirilən "I Gənc mədəniyyət müxbirləri məktəbi" layihəsinin məqsədi mədəniyyət sahəsi üzrə püxtələşmək arzusunda olan tələbələrin inkişafına təkan verməkdir. Layihə çərçivəsində bu sahədə imzası tanınan şəxslərin təlimlərinin keçirilməsi, tələbələrin mədəni-kütləvi tədbirlərə cəlb olunması, öyrəndiklərini tətbiq etmək üçün materialların hazırlanması və işıqlandırılması, sonda isə "I Gənc mədəniyyət müxbirləri məktəbi"nin xüsusi sertifikatının verilməsi nəzərdə tutulur.