BDU-da görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Ədəbiyyatşünaslıq” klubunun təşəbbüsü ilə görkəmli Azərbaycan şairi Əli Tudənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə tanınmış sənətkarın ömür yolunan bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Məmmədova görkəmli şairin həyatı və yaradıcılığı, müasir Azərbaycan poeziyasının inkişafındakı uzumüddətli səmərəli fəaliyyəti, lirik yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında məruzə edib. O bildirib ki, mühacir Azərbaycan şairi Əli Tudə poeziyasında Vətən və ayrılıq motivləri üstündür. Vətənin azadlığı, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınıb. Bu əsərlərin əsas leytmotivi Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümüdür. Poeziya yaradıcılığında siyasi lirikaya böyük önəm verən şair Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri hesab edilir.
Tədbir tələbələrin ədəbi-bədii çıxışları ilə davam edib. Filologiya fakültəsinin I kurs tələbəsi Hümbət Bədəlov Əli Tudə obrazını canlandıraraq monoloq, tələbələrdən Səyahət Məhərrəmova şairin “Nigarançılıq”, Nərgiz Vəlizadə isə “Məndədir” şeirlərini ifa ediblər.