BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ulu Öndərin və Azərbaycanın ərazi bötüvlüyünün qorunması uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədi ilə son illər təhsil müəssisələrində, universitetlərdə bir sıra islahatların aparıldığını və elmi istiqamətdə müxtəlif tədbirlərin keçirildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi qayğıdan, müstəqillik illərində onun rəhbərliyi altında ölkəmizin keçdiyi inkişaf yolundan danışan Hüseyn Məmmədov qeyd edib ki, bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O diqqətə çatdırıb ki, BDU son illər elmin müxtəlif sahələri üzrə beynəlxalq və ölkə miqyaslı tədbirlərə, konfranslara uğurla ev sahibliyi edir. Tələbələrin elmi tədqiqata cəlb olunması BDU-nun prioritet istiqamətlərindəndir, onların tədqiqatçı bacarıqlarının formalaşması, gələcəyin alimi kimi yetişmələri üçün Universitet rəhbərliyi tərəfindən lazımi şərait yaradılıb. Hüseyn Məmmədov belə konfranslarda iştirakın tələbələr üçün faydalı təcrübə olduğunu bildirib.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev konfransa 100-ə yaxın tezisin təqdim edildiyini, onların içərisindən 85-nin seçilərək konfrans materiallarına daxil olunduğunu, 2 məruzənin plenar iclasda, qalan işlərin isə bölmələrdə dinləniləcəyini nəzərə çatdırıb.
Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov hazırda fizika elmində baş verən yeniliklər, formalaşmış təsəvvürlər barədə danışıb və gənclərin elmi tədqiqata cəlb olunması üçün görülməli işləri qeyd edib.
Konfransın plenar iclasında Fizika fakültəsinin III kurs tələbələri Könül Əhmədova “TENG vasitəsilə dəniz dalğalarının enerjisinin elektrik enerjisinə generasiyası və sensor texnologiyasına tətbiqi” (elmi rəhbər Orxan Güləhmədov) və Tükəzban Səyyadova “İle-Trp dipeptidinin HOMO və LUMO spektrlərinin tədqiqi” (elmi rəhbər Sara Rəhimzadə) mövzularında məruzələr ediblər.
Konfrans işini bölmələrlə davam etdirib. “Nəzəri fizika və astrofizika” bölməsində 20, “Molekulyar fizika” bölməsində 18, “Bərk cisimlər fizikası” bölməsində 33, “Fizikanın tədrisi metodikası” bölməsində 14 məruzə dinlənilib. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.