BDU-da elmi seminar: “Dövlət qulluqçularının informasiya təminatında kitabxanaların rolu”
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Dövlət qulluqçularının informasiya təminatında kitabxanaların rolu” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının doktorantı Aysel Həsənova məruzə edib.
Tədqiqatçı əvvəlcə dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarını izah edib, dövlət qulluğunun mahiyyəti, məzmunu, keçdiyi tarixi inkişaf yolu barədə məlumatları iştirakçıların nəzərinə çatdırıb. Sahənin qanunvericilik bazasını şərh edən Aysel Həsənova “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun əhəmiyyətini xüsusi vurğulayıb.
Məruzədə qeyd olunub ki, dövlət qulluqçuları əsaslı qərarlar qəbul etmək üçün dəqiq və ətraflı məlumat əldə etmək imkanlarına malik olmalıdırlar: “Kitabxanalar dövlət qulluqçularının informasiya təminatında xüsusi rol oynayırlar. Dövlət qulluqçuları ilə kitabxana xidmətləri arasında kommunikasiya dövlət idarəçiliyinin səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb edir”.
Araşdırmada dövlət qulluqçularının əsaslandırılmış qərarlar qəbul etmək və strategiya formalaşdırmaq istiqamətində informasiya tələbatının ödənilməsində kitabxanaların rolu müəyyənləşdirilib, kitabxana-informasiya xidmətlərinin dövlət qulluğunun formalaşmasına təsiri şərh olunub. Tədqiqatçı dövlət qulluqçularına xidmət göstərən kitabxanaları qruplaşdırıb və onların şəbəkəsini təsnifləşdirib.
Məruzədə dövlət qulluqçularının informasiya təminatında aparıcı rola malik olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının iş təcrübəsi geniş tədqiq edilib. Prezident Kitabxanasının yaranma tarixi, komplektləşdirmə mənbələri, müasir vəziyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri və hədəfləri barədə ətraflı məlumat verilib.
Elmi seminar müzakirələrlə davam edib.