BDU Bakıda keçirilən Türk Dünyası Təhsil Sərgisində təmsil olunub
Bakı Dövlət Universiteti (BDU) “Ceo Fair” şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dünyası Təhsil Sərgisində təmsil olunub.
Sərgidə yerli və xarici təhsil mərkəzlərinin direktorları, Milli Məclisin deputatları, Türkiyə universitetlərinin müəllimləri və digər qonaqlar iştirak ediblər.
Türkiyənin bir sıra aparıcı universitetlərinin təmsil olunduğu sərgidə əsas məqsəd türk dünyasının perspektivli universitetlərini bir araya gətirmək və onlar arasında ikili əməkdaşlıqları gücləndirməkdir.
Sərgidə iştirakçılara BDU-da təhsil və karyera imkanları, bu ali məktəbin elmi-tədqiqat yönümlü və sosial layihələri, xarici ölkə universitetləri ilə ikili diplom proqramları haqqında ətraflı məlumat verilib. BDU-nun fəaliyyətini əks etdirən kitablar, elmi-tədqiqat jurnalları, broşür və bukletlər ziyarətçilərdə maraq doğurub.
Sərgi iştirakçılarına məşhur türk universitetlərinin qəbul qaydaları, təqaüd imkanları və digər məsələrlə bağlı ətraflı məlumat verilib.