TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN ƏSASNAMƏSİ

Azərbaycan Respublikası təhsil nazirinin 27 iyun 2014-cü il tarixli,

752 nömrəli əmri ilə təsdiq edilmişdir.

 

 
1. Ümumi müddəalar
 
1.1. Tələbə Elmi Cəmiyyəti (bundan sonra - TEC) elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində,tibb təhsili sahəsində isə ali tibb təhsili müəssisələrində və rezidenturada təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır.
1.2. TEC ali təhsil müəssisəsinin rəhbərliyinə tabedir və müəssisənin Elmi Şurası qarşısında hesabat verir.
1.3. TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, ali təhsil müəssisəsinin Nizamnaməsini və bu Nümunəvi Əsasnaməni rəhbər tutur.
1.4. Bu Nümunəvi Əsasnamə hər bir ali təhsil müəssisəsində fəaliyyət göstərən TEC üçün fərdi əsasnamənin hazırlanmasında əsas hesab olunur.
 
2. TEC-in məqsəd və vəzifələri
 
2.1. TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial- iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.
2.2. TEC-in vəzifələri aşağıdakılardır:
  • tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
  • elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasındaelmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
  • tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
  • tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
  • tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsulvə vasitələrinin öyrədilməsi;
  • istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
  • elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
  • digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə (bundan sonra - TETİ) tətbiq edilməsi;
  • müxtəlif səviyyəli tədbirlərin - elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
  • tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
  • innovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
  • tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
  • ali məktəbdaxili və ali məktəbdənkənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və ali təhsil müəssisəsinin internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi.

3. TEC-in strukturu
 
3.1. TEC-in strukturu, üzvlük qaydaları və ayrı-ayrı struktur vahidlərinin formalaşdırılması prinsipi, fəaliyyətinin konkret şərtləri “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”yə, habelə ali təhsil müəssisəsinin Nizamnaməsinə uyğun olaraq müəyyən edilir.
3.2. TEC-in strukturuna aşağıdakılar daxildir:
  • kafedra nəzdində fəaliyyət göstərən tələbə elmi dərnəkləri;
  • elmi dərnəkləri profil üzrə birləşdirən gənc alimlər birliyi (bölmələri);
  • hər kursda (potokda) təhsilalanların elmi işinə cavabdeh olan TEC-in kurs bölmələri;
  • TEC-in fakültə bölmələri.
3.3. Tələbələrin və gənc alimlərin elmi fəaliyyətini birləşdirmək və əlaqələndirmək məqsədi ilə ali təhsil müəssisəsində yaradıcılıq birlikləri təşkil oluna bilər.

4. TEC-in işinin təşkili
 
4.1. Ali təhsil müəssisəsinin TEC-nin ali orqanı TEC-in konfransıdır. TEC-in yaradılması və yenidən təşkili TEC konfransının qərarı əsasında həyata keçirilir. Konfranslararası müddətdə TEC- in fəaliyyətinə rəhbərlik konfransda seçilən TEC-in Şurası tərəfindən həyata keçirilir.
4.2. TEC-in konfransı ildə bir dəfə TEC-in iş planına uyğun olaraq çağırılır. TEC-in konfransı TEC-in üzvlərinin yarıdan çoxunun konfransın işində iştirak etdiyi halda səlahiyyətli hesab edilir. TEC-in Şurasının və ya TEC-in üzvlərinin 50 faizinin qərarı əsasında konfrans növbədənkənar çağırıla bilər.
4.3. TEC-in konfransının qərarları gizli və ya açıq səsvermə yolu ilə iştirakçıların səs çoxluğu ilə qəbul edilir.
4.4. Ali təhsil müəssisəsi TEC-nin Əsasnaməsinin qəbul edilməsi, Əsasnaməyə dəyişikliklər və əlavələrin daxil edilməsi, TEC-in Şura üzvlərinin seçilməsi, TEC-in fəaliyyət planı və proqramlarının təsdiq edilməsi TEC-in konfransının müstəsna hüquqlarına aiddir.
4.5. TEC-in Şurası TEC-in idarə olunmasını həyata keçirən və seçkilərarası daimi fəaliyyət göstərən kollegial orqandır. TEC-in Şurası, tərkibinə 11-21 nəfər daxil olmaqlabirillik müddətə seçilir və tələbələrin elmi tədqiqat işinin təşkili ilə əlaqədar ali təhsil müəssisəsinin qarşısında duran məsələlərin yerinə yetirilməsini təşkil edir, səlahiyyətləri çərçivəsində bütün işlərin gedişinə nəzarəti həyata keçirir, TEC-in işini planlaşdırır və əlaqələndirir.
4.6. TEC-in Şurasına təhsil, elmi tədqiqat və elmi-təşkilati işlərdə aktiv fəaliyyəti ilə fərqlənən gənclər və müəllimlər seçilir.
4.7. TEC-in Şurasının sədri Şuranın birinci iclasında onun üzvləri sırasından seçilir və ali təhsil müəssisəsinin TEC-nin fəaliyyətinə növbəti konfransa qədər rəhbərlik edir. TEC-in Şurasının sədri ali təhsil müəssisəsinin Elmi Şurasının tərkibinə daxil edilir.
4.8. TEC-in Şurasının sədri TEC-in Şurasının qərarlarının yerinə yetirilməsini təşkil edir və onlara nəzarəti həyata keçirir, ali təhsil müəssisəsinin Elmi Şurasının qarşısında cari tədris ilində TEC-in fəaliyyəti haqqında hesabatla çıxış edir və TEC-i digər müəssisələrdə etibarnaməsiz təmsil edir.
4.9. TEC-in Şurası tədris ilinin yekunlarına görə elmi tədqiqat işində yüksək nəticələr əldə etmiş tələbələrin rəğbətləndirilməsi barədə rektor qarşısında vəsatət qaldıra bilər.
4.10. TEC-in fəaliyyəti ali təhsil müəssisəsinin illik tədbirlər planı və özünün iş planı əsasında həyata keçirilir.
4.11. Tədris proqramlarına və elmi tədqiqat işlərinə qoyulan tələblərə cavab verən kurs və buraxılış işləri, yaxud TEC-in iş planına uyğun olaraq dərsdənkənar vaxtda yerinə yetirilən tələbə elmi tədqiqat işləri (məqalə, məruzə, tezis) müxtəlif müsabiqələrə və konfranslara təqdim oluna bilər.
4.12. Ali təhsil müəssisəsinin Elmi Şurasının tapşırığına əsasən TEC-in və onun struktur bölmələrinin elmi fəaliyyətini professor-müəllim heyəti sırasından seçilmiş və rektorun əmri ilə təyin edilmiş TEC-in elmi rəhbəri əlaqələndirir.
4.13. TEC-in fəaliyyətinə tələbələrin elmi rəhbəri və ya məsləhətçisi olan müəllimlər və elmi işçilər cəlb edilir.
4.14. TEC-in üzvlərinin fəaliyyəti kafedra və fakültələrdə yaradılan TEC-in struktur bölmələrində professor-müəllim heyətinin tərkibindən seçilmiş elmi rəhbərin rəhbərliyi ilə həyata keçirilir.
4.15. TEC-in fəaliyyətinin nəticələri hər il TEC-in konfransında təhlil olunur və ali təhsil müəssisəsinin Elmi Şurasının iclasında müzakirə edir.
4.16. TEC-in qarşısında duran məsələlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinə TEC-in Şurasının sədri və elmi rəhbəri məsuliyyət daşıyırlar.

5. TEC-ə üzvlük qaydaları, TEC-in üzvlərinin hüquq və vəzifələri
 
5.1. Tədris planını müvəffəqiyyətlə yerinə yetirən və fəal elmi tədqiqat işi ilə məşğul olan tələbələr TEC-in üzvü ola bilərlər.
5.2. TEC-ə yeni üzvlərin qəbul edilməsi tələbələrin elmi işinə rəhbərlik edən bir müəllimin (elmi dərnəyin və ya gənc alimlər birliyinin rəhbərinin) rəyi əsasında TEC-in Şurası tərəfindən həyata keçirilir.
5.3. TEC-in üzvlərinin hüquqları aşağıdakılardır:
  • TEC tərəfindən keçirilən bütün tədbirlərdə iştirak etmək;
  • TEC-in orqanlarının formalaşmasında, konfranslarının işində iştirak etmək;
  • TEC-in və onun struktur bölmələrinin fəaliyyətinə dair rəy və təkliflərini bildirmək;
  • TEC-in fəaliyyətinə dair informasiya əldə etmək;
  • TEC-in Şurasına seçmək və seçilmək;
  • yerli və beynəlxalq qrant proqramlarında iştirak etmək;
  • TEC-ə üzvlüyünü öz xahişi ilə dayandırmaq.
5.4. TEC-in üzvlərinin vəzifələri aşağıdakılardır:
  • təhsil aldığı ali təhsil müəssisəsinin Nizamnaməsinin və “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”nin tələblərinə riayət etmək;
  • elmi tədqiqat işinin aparılmasında və tədqiqat metodlarının öyrənilməsində fəallıq göstərmək;
  • TEC-in fəaliyyətində və keçirdiyi tədbirlərdə iştirak etmək;
  • TEC-in rəhbər orqanları tərəfindən qəbul olunan qərarları yerinə yetirmək;
  • təhsil aldığı ali təhsil müəssisəsinin nüfuzunu yüksəltmək.

6. TEC-in ali təhsil müəssisəsinin digər struktur bölmələri ilə qarşılıqlı əlaqələri
 
6.1. Ali təhsil müəssisəsinin TEC-i:
  • Elmi Şuranın elmi katibindən Elmi Şuranın iclaslarında müzakirəyə çıxarılacaq sənədlərin təqdimolunma tarixi haqqında məlumat alır;
  • elmi hissədən və ya elmi-təşkilati şöbədən həmin müəssisədə və digər təşkilatlarda keçiriləcək elmi tədbirlər haqqında məlumat, elmi tədbirlərin keçirilməsi və kargüzarlığın aparılmasına dair metodiki göstəriş və təlimatlar alır;
  • elmi hissəyə (şöbəyə) TEC-in elmi işləri və tədbirlərinin illik tematik planını, habelə keçirilmiş tədbirlərin nəticələri haqqında hesabatı təqdim edir;
  • maliyyə xərcləri tələb olunan TEC-in illik tematik tədbirlər planını və ona uyğun xərclər smetasını mühasibatlığa təqdim edir;
  • informasiya-analitik şöbədən elmi-informasiya proqramları haqqında məlumatlar alır; digər təşkilatlar tərəfindən keçirilən elmi tədbirlərdə və müsabiqələrdə TEC-in iştirakı haqqında məlumat təqdim edir;
  • TEC-in iş planı barədə Tələbə Şurasını məlumatlandırır; elm və təhsil məsələlərinə dair birgə ictimai aksiyalarda iştirak edir;
  • fakültə Elmi şuralarından və dekanlıqlardan elmi tədqiqat proqramlarında iştirak haqqında təklif, elmi tədbirlərin planlarını və TEC-in fəaliyyətinə dair qərarları əldə edir;
  • həmin strukturlara TEC-in tədbirlər planını, mükafatlandırmaya təqdim olunan tələbələrin siyahısını, fakültə TEC üzvlərinin elmi işi haqqında hesabatı təqdim edir;
  • kafedra və elmi tədqiqat laboratoriyalarından TEC-in elmi tədqiqat proqramlarında, elmi tədqiqat işlərinin planının formalaşdırılmasında iştirakına dair təkliflər alır;
  • həmin strukturlara tələbə elmi dərnəklərinin (gənc alimlər birliyinin) iş planını təqdim edir;
  • ali məktəbdənkənar təşkilat və müəssisələrdən informasiya və metodiki materiallar əldə edir;
  • öz fəaliyyəti haqqında informasiya və reklam xarakterli materialları təqdim edir. 

7. TEC-in fəaliyyətinin maliyyələşdirilməsi və təhsilalanların elmi tədqiqat işinin maddi- texniki bazası
 
7.1. TEC-in fəaliyyəti ali təhsil müəssisəsinin Nizamnaməsinə uyğun olaraq müəyyən edilən müxtəlif büdcə və büdcədənkənar maliyyə mənbələrindən maliyyələşdirilir.
7.2. Elmi tədqiqat işlərində iştirak edən tələbələr ali təhsil müəssisəsinin kafedralarının, elmi tədqiqat institut, mərkəz və laboratoriyalarının avadanlıqlarından istifadə edirlər. Tələbə elmi tədqiqat və layihə-konstruktor işləri üçün tələb olunan lazımi maliyyə xərcləri (avadanlıq, enerji, kimyəvi maddələr, materiallar və ) ali təhsil müəssisəsinin büdcə və büdcədənkənar vəsaitləri hesabına ödənilir.
7.3. Tələbələrin elmi tədqiqat işlərinə ayrılmış vəsaitlərə nəzarət rektorluq tərəfindən həyata keçirilir.
7.4. Ali təhsil müəssisəsi tələbələrin elmi fəaliyyətini stimullaşdırmaq məqsədi ilə tələbə elmi tədqiqat layihələrinin yerinə yetirilməsi üçün qrant müsabiqələri təşkil edə bilər. Müsabiqənin keçirilməsi və maliyyələşdiriliməsi müvafiq əsasnamə ilə (ali təhsil müəssisəsinin daxili imkanları,nazirlik tərəfindən ayrılmış vəsait və büdcədənkənar vəsait hesabına) tənzimlənir.
7.5. TEC-in kargüzarlığı:
  • TEC-in kargüzarlıq fəaliyyətinə onun işinin məzmununa uyğun olan sənədləşmələrin aparılması Bu sənədlər aşağıdakılar ola bilər: müvafiq normativ hüquqi aktlar, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali təhsil müəssisəsinin rektorunun tələbə elmi işinə dair əmr və sərəncamları, ali təhsil müəssisəsinin TEC-nin Əsasnaməsi, TEC-in illik iş planı və hesabatı, TEC-in iclaslarının protokolları, tələbə elmi konfranslarının sənədləri və materialları (hazırlıq planı, məruzələrin tezisləri, iclas protokolları, konfransın nəşr olunmuş materialları və s.) ən yaxşı tələbə elmi tədqiqat işi, qrant və s. müsabiqələrin keçirilməsi haqqında sənədlər və fotoşəkillər (işlərin siyahısı, annotasiyalar, rəylər, qərar, mükafatlandırma və s.), TEC-in üzvləri haqqında məlumat bazası, respublika təşkilatları və digər ali təhsil müəssisələri ilə yazışmalar və s.
  • TEC-in kargüzarlıq sənədləri 10 il müddətində saxlanılır.