06 mart 2025-ci il tarixində “Fizika problemləri” ETİ-nin növbəti elmi seminarı keçirilmişdir. Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi Çingiz Axundov “Seolit – qrafit toz qarışığının, keçiricilik və dielektrik nüfuzluğu” mövzusunda məruzə etmişdir.
Məruzəçi əvvəlcə seolitlər haqqında məlumat vermiş və qeyd etmişdir ki, seolitlər mikroməsaməli alümosilikat minerallardır. Seolitlər adsorbent xüsusiyyətlərə malik olduğu üçün, neft və qaz emalı sənayesində katalizator kimi istifadə olunur. Seolit-qrafit tozları qarışığının keçiricilik və dielektrik nüfuzluğu tərkib hissələrinin geniş konsentrasiya intervalında (5% - 50%) tədqiq edilmişdir. Ölçmələr xarici elektrik sahəsinin müxtəlif (120 Hs - 1 MHs) tezliklərində aparılmışdır. Bəzi nümunələrdə qrafitin konsentrasiyasındakı 2%-lik dəyişmə keçiriciliyin 400 dəfə artmasına gətirir ki, bu da dielektrik - keçirici keçidinin baş verdiyini göstərir. Alınan təcrübi faktları fraktallar konsepsiyasının köməyi ilə, perkolyasiya nəzəriyyəsi əsasında izah edən keyfiyyət modeli təklif olunmuşdur.
Çıxışın sonunda Çingiz Axundov verilən sualları cavablandırmışdır.