ELMİ FƏALİYYƏTİN TƏŞKİLİ

Elmi fəaliyyət BDU-nun professor-müəllim heyətinin və tələbələrinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Universitetdə elmi fəaliyyət təlimin mövcud istiqamətləri üzrə tədris prosesinin elmi-tədqiqatlar əsasında davamlı olaraq təkmilləşdirilməsini və müasir metod və təlim texnologiyalarının təhsil fəaliyyətinə tətbiqini təmin edir.

Universitetdə elmi fəaliyyət Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, normativ hüquqi aktlara, Bakı Dövlət Universitetinin Nizamnaməsinə və “Bakı Dövlət Universitetinin 2021-2030-cu illər üzrə elmi-tədqiqat Strategiyası”na uyğun olaraq təşkil edilir və həyata keçirilir.

Yerinə yetirilən elmi-tədqiqat mövzuları rəsmi sənədlərdə göstərilən mütəxəssis hazırlanması profilinə və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğundur.

Elmi-tədqiqat fəaliyyətini təşil etmək üçün BDU:

  • müasir elmi-tədqiqat mühitini formalaşdırır, elm və təhsil proseslərinin vəhdətini təmin edir;
  • prioritet elmi-tədqiqat sahələrini müəyyən edir və inkişaf etdirir;
  • elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsini planlaşdırır, əlaqələndirir, monitorinqi və nəzarətini təmin edir;
  • elmi-tədqiqat işlərinin məqsədlərinə, vəzifələrinə və əsas istiqamətlərinə uyğun olan tədqiqat bölmələrinin strukturunu formalaşdırır;
  • elmi-tədqiqat fəaliyyətinin prioritet istiqamətlərinə uyğun olaraq kollektiv işlərin aparılması məqsədilə kafedraların elmi potensialını birləşdirir;
  • professor-müəllim, elmi işçi heyətinin və tələbələrin elmi-tədqiqat fəaliyyətini stimullaşdırır;
  • müasir səviyyədə elmi tədqiqatların aparılması üçün maddi-texniki bazanı yaradır və mütəmadi olaraq müasirləşdirir;
  • tədqiqat üçün zəruri informasiya dəstəyini təmin edir;
  • monoqrafiyalar, elmi məqalələr, dərsliklər, dərs vəsaitləri və digər elmi nəşrləri hazırlayır və nəşr etdirir;
  • BDU-da beynəlxalq, Respublika, regional, universitetdaxili konfrans, seminar, yay-qış məktəbləri və ustad mühazirələri təşkil edir;
  • professor-müəllim heyəti, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr üçün universitetdaxili açıq elmi müsabiqələr təşkil edir və keçirir;
  • internet resurslarından, o cümlədən digər multimedia mənbələrindən istifadəni təmin edir;
  • tədqiqat fəaliyyətinin həyata keçirilməsində açıqlığı və şəffaflığı təmin edir.

Elmi-tədqiqat və elmi-metodiki işlər Universitetin elmi-tədqiqat institut, mərkəz və laboratoriyaları və kafedraları tərəfindən hazırlanmış kompleks formada, elmi mövzulara uyğun və Universitetin tədris fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılır.

Elmi-tədqiqatın illik planlaşdırılması, aparılması və nəticələrinin yekunlaşdırılması hər bir əməkdaşın fərdi planlarında öz əksini tapır, planlarda, kafedraların və fakültənin bu fəaliyyət növü üzrə hesabatlarında ümumiləşdirilir.

Elmi-tədqiqat planının icrasına dair illik hesabatlar BDU-nun Elmi Şurasında müzakirə edilir və təsdiq edilir. İllik hesabatlarda aparılan tədqiqatların iqtisadi səmərəliliyinin və onların praktikada tətbiqinin nəticələrinin qiymətləndirilməsi təmin edilir.

İnterdissiplinarlılıq və multidissiplinarlılıq, fundamental və tətbiqi tədqiqatların nəticələrinin əlaqələndirilməsi, elm-təhsil-istehsalat inteqrasiyasının genişləndirilməsi – tədqiqat nəticələrinin tədris prosesinə daxil edilməsi, istehsalatda tətbiq edilməsi və təhsilalanların elmi-tədqiqat və innovasiya fəaliyyətinə intensiv olaraq cəlb edilməsi, ölkədaxili və xarici tərəfdaşlarla effektiv əməkdaşlıq BDU-da elmi-tədqiqat fəaliyyətinin təşkilinin əsas prinsipləridir. 

BDU-nun elm-təhsil müəssisəsi kimi inkişafının ən mühüm hissəsi olan uğurlu elmi fəaliyyətin təşkili professor-müəllim heyəti və tədqiqatçıların bilik, bacarıq və tədqiqatçılıq səriştəsinə əsaslanır.

BDU-da akademik heyət, habelə tələbə, magistrant və doktorantların inkişafına təkan verən elm-təhsil ekosistemi və tədqiqatların aparılmasına şərait yaratmaq, beynəlxalq standartlara cavab verən və rəqabətədavamlı tədqiqatlar aparmaq, faydalı təcrübə qazanmaq məqsədi ilə mövcud elmi-tədqiqat institutlarını, mərkəzlərini və laboratoriyalarını yenidən qurmaq və dövrün tələblərinə uyğun olaraq yenilərini yaratmaq, Respublikanın və xarici ölkələrin yüksək reytinqli ali məktəb və tədqiqat mərkəzləri ilə, o cümlədən beynəlxalq elmi təşkilatlarla elm və innovasiyalar sahəsində sıx əlaqələr yaratmaq, yüksək səviyyəli beynəlxalq əməkdaşlıq və intensiv təcrübə mübadiləsi aparmaq BDU-da aparılan elmi-tədqiqatların təşkilinin əsas istiqamətləridir. BDU-da elmi-tədqiqatın əsas iştirakçılarından biri professor-müəllim heyəti və elmi işçilərdir. Tədqiqat fəaliyyətinin optimallaşdırılması və səmərəli idarə olunmasında elmi və pedaqoji işçilərinin akademik mobilliyinin stimullaşdırılması (xarici elmi təcrübələr, xarici ölkələrin universitetlərində mühazirələr oxumaq və s.) əsas götürülür.

Professor-müəllim heyətinin nəşr fəaliyyətinin göstəricilərinin yüksəldilməsi, xarici dillərdə nəşrlərin və sitatların sayının artırılması, alimlərə, xüsusən gənc alimlərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırmalar aparmaq üçün imkanların yaradılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, nüfuzlu xarici elmi mərkəzlərlə ortaq elmi-tədqiqat proqramlarının işlənilməsi, birgə tədqiqat laboratoriyalarının təşkil edilməsi, beynəlxalq elmi layihələrdə BDU alimlərinin iştirakının təmin edilməsi fəaliyyətin əsas istiqamətlərindəndir.

16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, 7 elmi-tədqiqat mərkəzi, 21 elmi-tədqiqat laboratoriyası, müxtəlif xidmətlər göstərmək imkanına malik Elmi Kitabxana və tədris-təcrübə bazasında mövcud olan müxtəlif təyinatlı cihaz, material və avadanlıqlar BDU-nun əməkdaşları, tələbələri, magistrantları və doktorantları, həmçinin Respublikanın elmi-tədqiqat institutları, ATM-lərinin və digər müvafiq qurumların əməkdaşlarının istifadəsindədir. 

Elmi tədqiqatların təşkilində Elmi Kitabxananın resurslarından səmərəli istifadə olunur. Kitabxana fondunda Azərbaycan, rus, Şərq və Avropa dillərində 2 milyon nüsxədən artıq çap məhsulu, 20000-dən çox elektron məhsul, BDU-da Clarivate Analitics şirkətinin Web of Scince bazasına və InCites qiymətləndirmə sisteminə açıq çıxış, EBSCO, IOP, BIONE, OED (Oxford Universitetinin nəşrləri), ALL-RUSSIAN MATEMATICAL PORTAL, Cambridge University Press Journal, Springer, Springer Nature və s. elektron bazalarına çıxış mövcuddur.

Elmi-tədqiqatlar elmi strukturlarla yanaşı, kafedralarda, kafedraların müxtəlif qurumlarda fəaliyyət göstərən 13 filialında da aparılır. Hazırda BDU-da Fizika Problemləri ETİ, Tətbiqi Riyaziyyat ETİ, bir sıra kafedralar, ETM-lər, ETL-lər, o cümlədən müasir cihaz və avadanlıqlarla təchiz edilən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi kollektiv istifadə mərkəzləri kimi fəaliyyət göstərirlər. Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin, Tədrisin təşkili və idarə edilməsi Mərkəzinin və Tələbələrin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin, Gənc Alimlər Şurası və Tələbə Elmi Cəmiyyətlərinin birgə fəaliyyəti çərçivəsində tələbələrdə yaradıcılığın formalaşdırılması (kreativlik) üçün qeyri-standart tapşırıqların əməkdaşlıq və komanda şəklində həll olunması və öz fərdi biliklərini paylaşmaq bacarıqlarının aşılanması istiqamətində işlər aparılır, onlara elmi ideyaların reallaşdırılması, həllər və təcrübədə sınaqdan çıxarılması, patentləşdirilməsi, tanıdılması və tətbiqi istiqamətlərində elmi və pedaqoji yönümlü təlimlər keçirilir, tələbələr fərdi və ya qrup şəklində elmi seminarlara, müsabiqələrə, sərgilərə, elmi layihələrə, olimpiadalara, konfranslara, simpoziumlara, debatlara və forumlara cəlb olunur.