Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da təlim keçib

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Adaptasiya proqramı” çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Karyera planlaması şöbəsinin böyük mütəxəssisi Sura Əzizlinin “Karyerana başla!” mövzusunda maarifləndirici təlimi keçirilib.
Tədbir zamanı karyera inkişafının nəzəri və praktiki istiqamətləri təqdim edilib. Təlimçi fərdi potensialın müəyyənləşdirilməsi, əmək bazarındakı imkanların araşdırılması, məqsədyönlü fəaliyyət planının hazırlanması və bu planın mütəmadi qiymətləndirilməsi kimi məqamlara geniş şəkildə aydınlıq gətirib.
XX və XXI əsrin əmək bazarı arasındakı fərqlərin vurğulandığı təlimdə bildirilib ki, müasir bazarda “Mən kim olacam?” sualından çox “Mən nəyi bacarıram?” yanaşması aktuallaşıb.
İştirakçılara analitik düşüncə, kommunikasiya, komanda işi, proqramlaşdırma, layihə idarəetməsi, adaptasiya bacarığı və emosional intellekt kimi əmək bazarında yüksək tələbat olan kompetensiyalar barədə ətraflı məlumat verilib. I kursdan etibarən karyera hazırlığına başlamanın vacibliyi xüsusi vurğulanıb.
Təlim zamanı vakansiyaların və peşələrin araşdırılması, təcrübə proqramlarının izlənməsi, əmək bazarı trendlərinin təhlili, könüllülük fəaliyyəti, xarici dil və rəqəmsal bacarıqların inkişafı, həmçinin mentor dəstəyinin önəmi qeyd olunub.