BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış ediblər.
Sessiya çərçivəsində BDU nümayəndələri şəhər dayanıqlılığı, yaşıl texnologiyalar və ağıllı infrastruktur həllərinə dair iki əsas layihəni təqdim edib.
BDU-nun doktorantı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin (TETYM) əməkdaşı İmran Bayramov tərəfindən təqdim edilən “Clean-Charge” EkoEnerji məntəqəsi layihəsi elektrikli nəqliyyatın artan istifadəsi fonunda yaranan ekoloji və enerji problemlərinə fokuslanıb. Qeyd olunub ki, dünyada elektrikli avtomobillərin sayı sürətlə artaraq 2024-cü ilə qədər 55.8 milyonu keçib, Azərbaycanda isə EV və plug-in hibridlərin idxalı son illərdə əhəmiyyətli dərəcədə artıb. Bununla belə, elektrik enerjisinin əsasən qaz və kömürdən əldə olunması nəticəsində “dolayı karbon emissiyası” problemi aktuallaşır. Elektrikli avtomobillər birbaşa emissiya yaratmasa da, istifadə olunan elektrik enerjisinin mənbəyindən asılı olaraq hər kilometr üzrə CO₂ izi bəzi hallarda ənənəvi yanacaqla işləyən avtomobillərə yaxın səviyyəyə çata bilər. “Clean-Charge” layihəsi beynəlxalq standartlara uyğun AC şarj infrastrukturu, qoruyucu elektrik sistemləri və ildırımdan mühafizə texnologiyaları ilə təchiz olunmuş təhlükəsiz və dayanıqlı enerji həlli kimi təqdim edilib.
Daha sonra çıxış edən BDU-nun Biologiya fakültəsinin Biomühəndislik laboratoriyasının elmi araşdırmaçısı Nurlan Əmrahov “Şəhər hidroponikasından ağıllı qida istehsalına” layihəsi ilə çıxış edib. Təqdimatda hidroponik sistemlərin şəhər mühitində tətbiqi və onların resurs səmərəliliyi geniş izah olunub. Hidroponik texnologiyaların ənənəvi kənd təsərrüfatı ilə müqayisədə su sərfiyyatını 90%-ə qədər azalda, məhsuldarlığı isə 3–20 dəfə artıra bildiyi qeyd olunub. Layihə çərçivəsində NFT, DWC, damcı suvarma və aeroponik sistemlər kimi müxtəlif hidroponik üsullar izah olunub. Eyni zamanda balkon və kiçik məkanlarda mini-ferma modelləri, həmçinin şaquli divar bağçaları şəhər yaşıllaşdırılması və yerli qida istehsalı üçün effektiv həll kimi təqdim edilib.
Qeyd edək ki, BDU WUF13 çərçivəsində “Clean Charge” startapı ilə Biznes və İnnovasiya Mərkəzində, “WUF Academy” təlim proqramında, “Youth at the Core of Housing Solutions” adlı panel müzakirəsində, eləcə də rəsmi sərgi stendi ilə təmsil olunur.