BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universiteti arasında 2020-ci ildə imzalanmış əməkdaşlıq sazişi əsasında həyata keçirilən “Hüquqşünaslıq” ixtisasının “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə birgə ikili diplom proqramı çərçivəsində magistrantların dissertasiya müdafiəsi olub.
İngilis dilində tədris olunan proqram üzrə yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması məqsədilə həyata keçirilən əməkdaşlıq uğurla davam edir. Proqram çərçivəsində təhsil alan magistrantların dissertasiya müdafiələri 12 iyun 2026-cı il tarixində hər iki universitetin professor-müəllim heyətinin nümayəndələrindən ibarət ixtisaslaşdırılmış şuranın iştirakı ilə təşkil olunub.
Müdafiələr zamanı BDU-nun Hüquq fakültəsinin 6, Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsinin isə 2 magistrantı magistrlik dissertasiyalarını təqdim edərək apardıqları elmi tədqiqatların nəticələrini şura üzvlərinə təqdim ediblər.
Təqdim olunan dissertasiya işləri aktuallığı, elmi-nəzəri səviyyəsi və praktik əhəmiyyəti baxımından yüksək qiymətləndirilib. Magistrantların çıxışları qənaətbəxş hesab olunub və onların dissertasiya müdafiələri uğurla başa çatıb.
Birgə ikili diplom proqramının növbəti mühüm mərhələsi olaraq, BDU-nun Milli Gimnastika Arenasında keçirilən Məzun Günündə tərəfdaş universitetlərin nümayəndələri tərəfindən məzunlara diplomlar qarşılıqlı şəkildə təqdim edilib. Diplomların təqdimatı iki ali təhsil müəssisəsi arasında uğurla inkişaf edən beynəlxalq əməkdaşlığın, eləcə də birgə kadr hazırlığı sahəsində əldə olunan nailiyyətlərin növbəti göstəricisi kimi qiymətləndirilib.
Qeyd edək ki, BDU ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında həyata keçirilən ikili diplom proqramı tələbələrə hər iki universitetin akademik imkanlarından yararlanmaq, beynəlxalq təcrübə qazanmaq və əmək bazarının tələblərinə cavab verən peşəkar hüquqşünas kimi formalaşmaq imkanı yaradır.