BDU “QS Higher Ed Summit: Europe 2026” çərçivəsində Budapeştdə təşkil olunan Azərbaycan pavilyonunda təmsil olunur

Bakı Dövlət Universiteti (BDU) Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” beynəlxalq tədbiri çərçivəsində təşkil olunmuş Azərbaycan pavilyonunda təmsil olunur.
Ali təhsil sahəsində ən nüfuzlu beynəlxalq platformalarından biri hesab olunan bu tədbir dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, dövlət qurumlarının nümayəndələrini, ali təhsil üzrə ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirir. Sammitdə ali təhsilin gələcəyi, beynəlmiləlləşmə, elmi tədqiqatlar, innovasiya, süni intellektin təhsildə tətbiqi, universitet-sənaye əməkdaşlığı və qlobal reytinqlər kimi aktual mövzular müzakirə olunur.
Azərbaycan pavilyonu ölkənin ali təhsil sisteminin beynəlxalq arenada tanıdılması, universitetlərin təhsil və elmi-tədqiqat potensialının nümayiş etdirilməsi, yeni akademik tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.
Pavilyonda təmsil olunan Bakı Dövlət Universiteti özünün təhsil proqramları, elmi nailiyyətləri, beynəlxalq layihələri, innovasiya ekosistemi və son illərdə qlobal reytinqlərdə əldə etdiyi uğurları beynəlxalq auditoriyaya müxtəlif formatlarda təqdim edir. BDU nümayəndələri tədbir çərçivəsində müxtəlif universitetlər, beynəlxalq təşkilatlar və ali təhsil sahəsində fəaliyyət göstərən tərəfdaş qurumlarla əməkdaşlıq perspektivlərini müzakirə edirlər. Qeyd edək ki, BDU bu il açıqlanan QS Dünya Universitetləri Reytinqi-2027-də 565-ci yerdə qərarlaşaraq qlobal akademik mövqeyini daha da gücləndirib.
Azərbaycan pavilyonunda BDU-nun iştirakı universitetin qlobal akademik şəbəkələrdə mövqeyinin daha da möhkəmləndirilməsinə, yeni strateji tərəfdaşlıqların qurulmasına və Universitetin beynəlxalq səviyyədə təşviqinə mühüm töhfə verir.
“QS Higher Ed Summit: Europe 2026” çərçivəsində keçirilən görüş və müzakirələr BDU-nun beynəlxalq əməkdaşlıq coğrafiyasının genişlənməsinə, birgə elmi tədqiqat layihələrinin inkişafına və universitetin qlobal rəqabət qabiliyyətinin daha da yüksəlməsinə xidmət edir.