BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Fizika fakültəsinin bir qrup əməkdaşı fakültənin şəhid məzunu Fikrət Zeynallının Tovuz rayonunun Aşağı Öysüzlü kəndindəki məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Universitet əməkdaşları kənddə onun xatirəsinə salınmış "Fikrət bulağı"nı ziyarət edib, şəhidin ailəsinə də baş çəkiblər.
Fikrət Zeynallı 23 fevral 1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2012-2016-cı illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Fikrət Zeynallı Vətən müharibəsi zamanı Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Fikrət Zeynallı ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.