BDU-nun rektoru ADEX çərçivəsində akademik sessiyada çıxış edib

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX çərçivəsində keçirilən “Bilikdən texnoloji üstünlüyə: elm–universitet–sənaye əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiyada çıxış edib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin moderatorluğu ilə keçirilən sessiyada BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov, Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar və Ege Universitetinin rektoru Musa Alcı iştirak ediblər.
BDU-nun rektoru çıxışında müdafiə sənayesinin inkişafında mühəndislik və texnologiya ilə yanaşı, fundamental elmlərin, hüququn, beynəlxalq münasibətlərin və digər akademik istiqamətlərin də mühüm rol oynadığını bildirib. O qeyd edib ki, müdafiə texnologiyalarının yaradılması yalnız texniki məsələlərin həlli ilə məhdudlaşmır. İntellektual mülkiyyətin qorunması, ikili təyinatlı texnologiyaların hüquqi rejimi, beynəlxalq məlumat mübadiləsi və süni intellektin tətbiqi kimi məsələlər müxtəlif elm sahələrinin birgə yanaşmasını tələb edir.
Fundamental elmlərin əhəmiyyətinə toxunan Elçin Babayev bildirib ki, bu gün praktiki tətbiqi uzaq görünən fundamental tədqiqatlar gələcəkdə mühüm texnoloji yeniliklərin əsasını təşkil edə bilər.
Elçin Babayev BDU-nun müdafiə sənayesində rolunun yalnız kadr hazırlığı ilə məhdudlaşmamalı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, universitet yeni elmi istiqamətləri, texnologiyaları, eləcə də onların hüquqi və geosiyasi nəticələrini əvvəlcədən araşdırmaqla sənaye üçün “erkən xəbərdarlıq sistemi” rolunu oynaya bilər.
Sessiyada universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub. Birgə laboratoriyaların, tələbə layihələrinin, sənaye təcrübələrinin, magistratura və doktorantura proqramlarının, eləcə də universitetlərarası tədqiqat platformalarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
BDU-nun rektoru universitetlərin müdafiə sənayesi ilə əməkdaşlıqda yalnız mövcud problemlərə cavab verən tərəf deyil, həm də gələcək çağırışları müəyyənləşdirən və yeni həllər təklif edən tərəf kimi çıxış etməsinin vacibliyini bildirib.
“Biz universitetləri sadəcə bir-birinə bağlamamalıyıq; onları real problemlərin ətrafında birləşdirməliyik”, – deyə Elçin Babayev qeyd edib.
Çıxışının sonunda Elçin Babayev universitetlərarası əməkdaşlığın memorandum və tədbirlərlə məhdudlaşmamalı, real laboratoriyalara, birgə layihələrə və texnoloji həllərə çevrilməli olduğunu vurğulayıb.
Sessiyada universitetlərin müxtəlif elm və təhsil istiqamətləri üzrə potensialının birgə tədqiqat və əməkdaşlıq müstəvisində səfərbər edilməsi, elmi nəticələrin texnoloji həllərə çevrilməsi, eləcə də yeni texnologiyalar və gələcək çağırışlarla bağlı araşdırmaların genişləndirilməsi məsələləri müzakirə olunub. Elm, ali təhsil və müdafiə sənayesi arasında əməkdaşlığın inkişaf etdirilməsi və multidissiplinar yanaşmanın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.