BDU-nun Hüquq fakültəsinin tələbələri tikinti işləri üzrə məhkəmə təcrübəsi ilə tanış olublar

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin və Mülki proses və kommersiya hüququ kafedrasının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tikinti işləri üzrə məhkəmə təcrübəsi” mövzusunda elmi seminar keçirilib.
Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva mövzunun aktuallığını vurğulayaraq, hüquq təhsilində məhkəmə təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, nəzəri biliklərin praktik nümunələrlə zənginləşdirilməsi gələcək hüquqşünasların peşəkar formalaşmasında mühüm rol oynayır.
Tədbirdə Bakı İnzibati Məhkəməsinin hakimi, eyni zamanda BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi Fariz Əlizadə məruzə ilə çıxış edib.
Seminar çərçivəsində tikinti icazələrinin alınması prosesi, bu sahədə yaranan mübahisələr, müqavilələrdən irəli gələn öhdəliklərin icrası, torpaq sahələrinin təyinatı üzrə istifadəsi və tikinti normalarının pozulması ilə bağlı aktual problemlər geniş şəkildə müzakirə olunub. Həmçinin bu məsələlərin məhkəmə müstəvisində həlli yolları praktiki nümunələr əsasında təhlil edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.