BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat fakültələri və SABAH qruplarının 12 tələbəsi beynəlxalq səviyyəli intensiv “IT SkillSprint” təhsil proqramını uğurla başa vuraraq məzun olub.
BDU-nu proqramda “İnformasiya təhlükəsizliyi”, “Kompüter elmləri” və “Riyaziyyat” ixtisasları üzrə təhsil alan III kurs tələbələri Kənan Rəsulov, Raul İbrahimov, Selcan Xasıyeva, Zərifə Musayeva, Asif Habilov, Cəmil Cəfərli, Ayxan Ağayev, Yunis Sadiq, Yaqut Rəsulbəyli, İslam Səmədov, Qurbanəli Qurbanəliyev və Turan Babasoy təmsil ediblər.
Bu proqram çərçivəsində yüksək nəticə əldə edən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi Cəmil Cəfərlinin ekoloji problemlərin həllinə yönəlmiş "Grove" layihəsi final hakatonunda Münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həmçinin beynəlxalq tədris şirkəti “Ironhack”ın tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin tələbələri üçün həyata keçirilən proqram rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində ixtisaslı insan kapitalının hazırlanmasını hədəfləyir. Proqram çərçivəsində iştirakçılar data analitikası və süni intellekt, kibertəhlükəsizlik və süni intellekt, veb-proqramlaşdırma və süni intellekt, eləcə də DevOps və süni intellekt istiqamətləri üzrə hibrid formatda təhsil alıblar. “Bootcamp” formatında təşkil olunan təlimlər çərçivəsində tələbələr real layihələr üzərində işləmək, peşəkar portfel formalaşdırmaq, hakatonlarda iştirak etmək, karyera sərgilərinə və şəbəkələşmə tədbirlərinə qoşulmaqla əmək bazarına inteqrasiya imkanları əldə ediblər. Tədris prosesi 2026-cı ilin fevral-iyul aylarını əhatə etməklə altı ay davam edib.
Proqramın bağlanış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova və layihənin beynəlxalq tərəfdaşı olan “Ironhack” şirkətinin direktoru Gonzalo Manrique Sabatel çıxış ediblər.
Çıxışlarda bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi təhsil təşəbbüsləri çərçivəsində indiyədək 10 minə yaxın məzun hazırlanıb. Rəqəmsal bacarıqlar üzrə beynəlxalq intensiv təhsil proqramı olan "IT SkillSprint" layihəsinin ilk mərhələsində ölkənin 9 ali təhsil müəssisəsindən seçilmiş 123 tələbədən 120-si 20 həftə və 450 saat davam edən təlim proqramını uğurla başa vurub. Qeyd olunub ki, dövlət, universitet və özəl sektor əməkdaşlığı əsasında həyata keçirilən layihə tələbələrin müasir texnologiyalar üzrə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsinə, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr kimi formalaşmasına və ölkənin rəqəmsal insan kapitalının gücləndirilməsinə xidmət edir. Vurğulanıb ki, proqram çərçivəsində qazanılan bilik və bacarıqlar ali təhsil müəssisələri tərəfindən tanınacaq və tələbələrin universitet təhsilinin tərkib hissəsi kimi kreditləşdiriləcək.
Proqramı uğurla başa vuran tələbələr “Ironhack” şirkətinin beynəlxalq səviyyədə tanınan sertifikatları ilə təltif olunublar.