BDU Məzunlar Cəmiyyətinin növbəti seminarı - “Qlobal AI dövründə lokal intellekt: Böyük Dil Modellərinə yeni baxış”

Bakı Dövlət Universitetinin (BDU) Məzunlar Cəmiyyətinin altıncı seminarı keçirilib. “Qlobal AI dövründə lokal intellekt: Böyük Dil Modellərinə (LLM) yeni baxış” mövzusunda keçirilən seminarın məruzəçisi BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Samir Rüstəmov olub.
Əvvəlcə BDU Məzunlar Cəmiyyətinin rəhbəri, Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdov Samir Rüstəmovun həyatı və fəaliyyəti barədə məlumat verib, onun Azərbaycanda süni intellekt sahəsində tanınmış mütəxəssislərdən olduğunu bildirib. Qeyd edib ki, Samir Rüstəmov həm də “MegaSec” şirkətində süni intellekt laboratoriyasının qurucusu və rəhbəridir.
Samir Rüstəmov məruzəsində əvvəlcə Böyük Dil Modelləri (Large Language Models - LLM) anlayışının mahiyyətini izah edib. Bildirib ki, LLM insan dilini başa düşmək və yaratmaq üçün hazırlanmış süni intellekt sistemləridir. LLM-lər mətn yazmaq, tərcümə etmək, suallara cavab vermək, kod yazmaq, şəkil və sənəd izah etmək, xülasə çıxarmaq, dərs izah etmək və s. qabiliyyətlərə malikdir.
O, LLM-lərin iş prinsipləri, mənfi və müsbət cəhətləri, tanınmış LLM modelləri, ölkə səviyyəsində LLM qurmaq yolları barədə fikirlərini bölüşüb. Bildirib ki, öz dilində çalışan LLM yaratmaq dövlət xidmətlərini, təhsili, hüquqi və tibbi sistemləri, rəqəmsal təhlükəsizliyi, yerli dil və mədəniyyətə uyğunlaşdırmağa kömək edir. O, süni intellek sahəsində fundamental dərslərin tədris edilməsinin vacibliyini önə çəkib, bunun günün əsas tələblərindən olduğunu vurğulayıb. Daha sonra Samir Rüstəmov süni intellektin və LLM sistemlərinin etik tərəfləri və hüquqi tənzimlənməsi sahəsindəki problemlərlə bağlı fikirlərini bölüşüb, tələbələri süni intellekt proqramları ilə tanış edib.
Sonda qonaq tələbələrin suallarını cavablandırıb.