BDU-da tədbir: “Zəfərdən zirvəyə”

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Tələbə Gənclər Təşkilatı, “BDU könüllüləri” təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən zirvəyə” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültə dekanı Rövşən Cavadov 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən danışıb, şəhidlərin xatirəsinin daim uca tutulmasının, qazilərə və onların ailələrinə diqqət və qayğı göstərilməsinin hər bir gəncin mənəvi borcu olduğunu vurğulayıb.
Dekan müavini Nəzakət Kərimova və Sosial iş kafedrasının dosenti Rəna Məmmədova fakültənin dörd şəhid məzununun həyat və döyüş yolundan, eləcə də qələbə tariximizin gənclərin milli şüurunun və vətənpərvərlik hisslərinin formalaşmasındakı rolundan bəhs ediblər. Həmçinin şəhid və qazi ailələrinin üzvü olan tələbələrə Universitet tərəfindən göstərilən diqqət və dəstək vurğulanıb.
Tədbirin bədii hissəsində tələbələr Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş şeirlər səsləndirib, sonda tarixi Qələbənin mühüm anlarını əks etdirən videoçarx nümayiş olunub.