BDU-da “Diplomatiya saatı”: XİN-in Yaxın Şərq və Afrika üzrə Baş İdarəsinin rəisi Elməddin Mehdiyevlə görüş
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU), Xarici İşlər Nazirliyi (XİN), ”BDU könüllüləri” və “Diplomatiya könüllüləri” təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya saatı” layihəsinin növbəti qonağı XİN-in Yaxın Şərq və Afrika üzrə Baş İdarəsinin rəisi Elməddin Mehdiyev olub.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Bakı Dövlət Universitetinin ölkənin yüksəkixtisaslı kadrlarla təmin edilməsində vacib rolunu diqqətə çatdırıb, Universitetin XİN-lə sıx əməkdaşlıq etdiyini bildirib. O qeyd edib ki, “Diplomatiya saatı” layihəsinin məqsədi tələbələri Azərbaycanın xarici ölkələrdəki səfirləri və XİN sistemində çalışan peşəkar diplomatlarla görüşdürməkdir.
Prorektor bildirib ki, Yaxın Şərq və Afrika ölkələri Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biridir. Ölkənin peşəkar diplomatlarından olan Elməddin Mehdiyev BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunudur. O, XİN-də Yaxın Şərq və Afrika üzrə Baş İdarəsinin rəisi olmaqla yanaşı, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupunun da üzvüdür.
XİN-in Yaxın Şərq və Afrika üzrə Baş İdarəsinin rəisi Elməddin Mehdiyev uzun illər sonra yenidən doğma Universitetin divarları arasında olmaqdan məmnun olduğunu bildirib. O, BDU ilə XİN-in son illər sıx, intensiv əməkdaşlıq etdiyini xatırladıb, bu ildən Universitetdə bakalavriat səviyyəsində yeni “Regionşünaslıq (Afrika üzrə)” ixtisasının açılmasını da bu əməkdaşlığın mühüm nəticələrindən biri kimi qiymətləndirib.
Qonaq tələbələrə Yaxın Şərq və Afrika ölkələrinin Azərbaycan xarici siyasətində çəkisinin ildən-ilə artdığını bildirib. O qeyd edib ki, tarixən Azərbaycanın Yaxın Şərq ölkələri ilə iqtisadi, ticari bağları möhkəm olub. Bütün səmavi dinlərin və qədim mədəniyyətlərin bu bölgədən çıxdığını xatırladan diplomat dünya üzrə enerji hasilatının böyük qisminin də Yaxın Şərq ölkələrinin payına düşdüyünü bildirib. O qeyd edib ki, Azərbaycan Yaxın Şərq və Afrika regionu ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərin, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində də bu ölkələrlə qarşılıqlı dəstək və həmrəylik siyasəti yürüdür.
Daha sonra qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.