BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıblar

Bakı Dövlət Universitetində (BDU) tələbələr üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mövzusunda maarifləndirici sessiya keçirilib.
Bakı Texnologiya Mərkəzinin direktoru Sürəyya Cavadova, BDU-nun SABAH qruplarının dekanı Səbinə Ömərova və İnformatika kafedrasının müdiri Mübariz Xəlilov çıxışlarında informasiya təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin əsas istiqamətlərindən olduğunu qeyd edib, tələbələrin bu sahədə müasir çağırışlar, peşəkar inkişaf istiqamətləri və karyera imkanları barədə məlumatlandırılmasının önəmini diqqətə çatdırıblar.
Proqram çərçivəsində kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislərin təqdimatları dinlənilib. “Proxima Cyber Security” MMC-nin baş informasiya təhlükəsizliyi direktoru Kamran Kərimli “AI Governance & Audit” mövzusunda çıxış edərək süni intellekt sistemlərinin idarə olunması və audit məsələlərindən bəhs edib. “Proxima Cyber Security” MMC-nin hücum təhlükəsizliyi üzrə rəhbəri Elman Əlizadə “Kibertəhlükəsizlikdə karyera: Pentest və Red Team-ə necə başlamaq olar?” adlı təqdimatında bu istiqamətdə peşəkar fəaliyyətə başlamaq üçün tələb olunan bilik və bacarıqlar, inkişaf imkanları və karyera yolları barədə məlumat verib. “Proxima Cyber Security” MMC-nin Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Zöhrab Seyidli isə “You’ve Been Hacked: Hücumun ilk 60 dəqiqəsində nə baş verir?” mövzusunda çıxışında kibertəhlükəsizlik insidentləri zamanı ilkin mərhələdə görülən tədbirlər və praktik yanaşmalar haqqında danışıb.
Görüş interaktiv formatda təşkil olunub. Təqdimatlar zamanı real praktik situasiyalar və kibertəhlükəsizlik sahəsində mütəxəssislərin peşəkar təcrübələri tələbələrlə bölüşülüb. Xüsusilə tələbələrin bu sahədə gələcək karyera imkanları, əmək bazarının tələbləri, işə qəbul zamanı tələb olunan kompetensiyalar, ixtisaslaşma istiqamətləri, eləcə də peşəkar bilik və bacarıqların inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirin sonunda sual-cavab sessiyası keçirilib. Tələbələr onları maraqlandıran məsələlərlə bağlı mütəxəssislərə suallar ünvanlayıb, kibertəhlükəsizlik sahəsində təhsil, ixtisaslaşma, gələcək məşğulluq və peşəkar inkişaf imkanları barədə fikir mübadiləsi aparıblar.