Tanınmış jurnalist, səyyah Azər Qərib BDU tələbələri ilə görüşüb

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə tanınmış jurnalist, səyyah, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyətinin sədri Azər Qərib ilə görüş keçirilib.
BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov turizmin iqtisadi inkişafın mühüm istiqamətlərindən biri olmaqla yanaşı, xalqlar və ölkələr arasında mədəni dialoqun, qarşılıqlı anlaşmanın və beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə xidmət edən mühüm vasitə olduğunu bildirib. O, müasir dövrdə turizm sahəsində baş verən dəyişikliklərin və yeni tendensiyaların gənclərin dünyagörüşünün formalaşmasına da təsir etdiyini qeyd edib, BDU-da bu istiqamətdə keçirilən görüşlərin tələbələrin müxtəlif ölkələrin mədəniyyəti və turizm potensialı ilə bağlı biliklərinin genişləndirilməsi, beynəlxalq proseslərə dair baxışlarının zənginləşdirilməsi baxımından əhəmiyyətli olduğunu deyib.
BDU tələbələri ilə görüşdən məmnunluğunu bildirən Azər Qərib onlara müasir turizmin inkişaf dinamikası, səyahət mədəniyyətinin formalaşması və Azərbaycanın turizm imkanlarının beynəlxalq auditoriyaya təqdim olunması barədə məlumat verib, özünün səyyah və jurnalist kimi çoxillik təcrübəsini bölüşüb. O, Azərbaycanın müxtəlif regionlarının zəngin təbiəti, tarixi-mədəni irsi və özünəməxsus turizm resurslarının ölkənin turizm potensialının genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb, yeni turizm istiqamətlərinin və marşrutlarının tanıdılmasında rəqəmsal media, sosial şəbəkələr və səyahət məzmununun rolunu vurğulayıb.
Azər Qərib gənclərin səyahət və turizm sahəsində fəal iştirakının, ölkənin turizm imkanlarının təbliğində onların təşəbbüskarlığının və müasir kommunikasiya vasitələrindən səmərəli istifadəsinin əhəmiyyətindən danışıb, şəxsi səfərləri və müşahidələri əsasında müxtəlif ölkələrin turizm təcrübələri ilə bağlı fikirlərini tələbələrlə bölüşüb.
Görüşün sonunda qonaq tələbələrin suallarını cavablandırıb.