BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində geniş tədbirlər silsiləsi ilə qeyd olunması Azərbaycan dövlətinin milli-mədəni irsə və türkologiya elminin inkişafına verdiyi yüksək dəyərin bariz ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamı bu möhtəşəm elmi hadisənin yalnız tarixi əhəmiyyətini deyil, həm də müasir dövrdə Türk dünyasının inteqrasiyası baxımından daşıdığı strateji mahiyyəti, gələcəyin inkişaf strategiyasını müəyyənləşdirən elmi-mədəni irs olduğunu bir daha təsdiq edir.
Ölkəmizdə türkologiya elminin əsas mərkəzlərindən biri olan Bakı Dövlət Universiteti (BDU) də türk xalqlarının tarixində mühüm elmi hadisə olan Birinci Türkoloji Qurultayın elmi-mədəni irsinə yenidən nəzər salmaq məqsədilə ilboyu silsilə tədbirlər – konfranslar, elmi müzakirələr, sərgilər, görüşlər təşkil etmiş, Universitetin nüfuzlu alimləri ölkəmizdə keçirilən, qurultayın 100 illiyinə həsr olunmuş elmi tədbirlərin təşkilində yaxından iştirak etmişdir. Birinci Türkoloji Qurultayın 100 iliyinin qeyd edilməsi ilə bağlı BDU-nun Tədbirlər Planına müvafiq olaraq bu zəngin irsin tədqiqi və təbliği istiqamətində çoxşaxəli işlər görülmüş, monoqrafiyalar, dərs vəsaitləri hazırlanmış, BDU alimlərinin ölkəmizdə və beynəlxalq bazalarda indekslənən nəşrlərdə elmi məqalələri dərc olunmuşdur.
“Birinci Bakı Türkoloji Qurultayının irsi: Türk dünyasının inteqrasiyasında türkologiyanın rolu” mövzusunda Beynəlxalq simpozium
2026-cı il 21-22 may tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində BDU, Türk Akademiyası, Əl-Fərabi adına Qazax Milli Universiteti, Türk Dil Qurumu və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Birinci Bakı Türkoloji Qurultayının irsi: Türk dünyasının inteqrasiyasında türkologiyanın rolu” mövzusunda Beynəlxalq simpozium keçirilmişdir. Simpoziumda BDU-nun və türk dövlətlərinin tanınmış alimləri müasir türkologiya elminin qarşısında duran vəzifələrin müzakirəsini aparmışdırlar.
Simpoziumun plenar və bölmə iclaslarında BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov “Birinci Türkoloji Qurultayda Azərbaycan türkləri”, Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov “Birinci Bakı Türkoloji Qurultayında türkologiyanın inkişaf istiqamətləri”, Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri, dosent İqbal Ağayev “Türk mirası kontekstində Şuşanın musiqi dünyası: tarixi yaddaşdan ortaq gələcəyə” və BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlı “Türk dünyası: ortaq mədəni irsinin qorunması və təbliği məsələləri” mövzusunda məruzələrlə çıxış etmişdirlər. Simpozium çərçivəsində keçirilən elmi müzakirələrdə türkologiya elminin müasir inkişaf istiqamətləri, ortaq əlifba və terminologiya məsələləri, türk xalqlarının mədəni yaddaşı, eləcə də ortaq akademik əməkdaşlıq platformalarının yaradılması kimi aktual mövzular geniş müzakirə olunmuşdur.
Almatıda keçirilən Beynəlxalq simpozium qurultayın bir əsr sonra yenidən qiymətləndirilməsi, müasir dövrdə Türk dünyasında ortaq əlifba, vahid terminologiya və elmi əməkdaşlıq kimi aktual məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Tədbir yalnız elmi müzakirə platforması deyil, Türk dünyasında davamlı akademik şəbəkələrin qurulmasına xidmət edən strateji əməkdaşlıq mühiti kimi çıxış etmişdir.
Simpozium çərçivəsində həmçinin BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlının baş redaktoru olduğu “İRS” jurnallarının sərgisi təşkil edilmişdir.
“Türk dünyası həftəsi” çərçivəsində “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans
2026-cı il 29 iyun – 3 iyul tarixlərində türk dövlətlərinin dövlət və hökumət nümayəndələrinin, nüfuzlu alimlərinin, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə Bakıda və Qarabağda keçirilən "Türk dünyası həftəsi"ndə BDU əsas tərəfdaşlardan biri olmuş, BDU alimləri həftə çərçivəsində keçirilən elmi və mədəni-kütləvi proqramlarda yaxından iştirak etmişdir.
“Türk dünyası həftəsi” çərçivəsində 2026-cı il 29-30 iyun tarixlərində BDU, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın açılış mərasimi və panel sessiyası 29 iyun tarixində Heydər Əliyev Mərkəzində təşkil olunmuş, 30 iyun tarixində BDU-da konfransın bölmə iclasları öz işini davam etdirmişdir.
Konfransın açılış mərasimində BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tuymebayev, Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker, Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Mehmet Öcal Oğuz çıxış etmişdirlər.
Çıxışlarda qeyd edilmişdir ki, Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni bir mərhələnin başlanğıcı olmuşdur. Burada müzakirə olunan məsələlər dövrün elmi problemləri ilə yanaşı, türk xalqlarının gələcək inkişaf konsepsiyasını müəyyənləşdirən fundamental ideyaları əhatə etmişdir. Qurultayın qəbul etdiyi elmi prinsiplər bu gün də aktuallığını qoruyub saxlayır. Ortaq mədəni irsin qorunması, milli kimliyin möhkəmləndirilməsi, elmi inteqrasiyanın dərinləşdirilməsi və gələcək nəsillərə etibarlı elmi-mədəni irsin ötürülməsi müasir dövrdə Türk dünyasının qarşısında duran əsas vəzifələrdir. Bu gün türkologiya filoloji tədqiqat sahəsi ilə yanaşı dilçilik, tarix, arxeologiya, etnologiya, mədəniyyətşünaslıq, süni intellekt texnologiyaları və informasiya-kommunikasiya texnologiyalarının inteqrasiyası əsasında inkişaf edən multidissiplinar elmi istiqamətə çevrilmişdir.
Daha sonra konfrans BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlının moderatorluğu ilə “Birinci Türkoloji Qurultayın mirası: Türk xalqlarının mədəni-elmi inteqrasiyası” mövzusunda panel sessiyası ilə işini davam etdirmişdir. Panel sessiyada Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyasının həqiqi üzvü Şerubay Kurmanbaiulı, Qırğıxıstan Respublikasının Milli Elmlər Akademiyasının həqiqi üzvü Sırtbay Musayev, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, professor Bülent Bayram, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov çıxış etmişdirlər. Sürətli qloballaşma, rəqəmsallaşma və süni intellekt dövründə Birinci Türkoloji Qurultayın mirasının gələcək nəsillərə çatdırılması yolları müzakirə olunmuşdur.
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram çıxışında türk dövlətlərinin tarixi mirasını qorumağın, elmi əlaqələri təşkilati səviyyədə idarə etmək üçün fərqli coğrafiyalardakı alimlərin vahid platformada birləşməsininin vacibliyi haqqında, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova türk dövlətlərinin ali təhsil müəssisələri, türkologiya mərkəzləri ilə əlaqələrin genişləndirilməsinin yolları, Qazaxıstan Milli Akademiyasının həqiqi üzvü Sherubay Kurmanbaiuly elm və təhsildə inteqrasiyada dilin əhəmiyyəti, süni intellektin dilləri idarə etdiyi bir dövrdə türk dillərinin elmi inteqrasiyası və ortaq rəqəmsal terminologiya bazasının yaradılması zərurəti, Qırğızıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Sırtbay Musayev müasir türkoloqlar və yeni nəsil tədqiqatçıların qarşısında duran vəzifələr, BDU-nun Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədov müasir türkologiya elminin qarşısında duran vəzifələr haqqında fikirlərini iştirakçılar ilə bölüşmüşdürlər.
30 iyun tarixində BDU-da konfransın bölmə iclasları keçirilmişdir. “Birinci Türkoloji Qurultayın elmi-mədəni irsi: tədqiqi və tədrisi” adlı bölmə iclasında (həmsədrlər: professor İbrahim Zeynalov (BDU), professor Bülent Bayram (Türk Akademiyası)) Türk dünyasının ortaq tarixi, dil siyasəti və mədəni inteqrasiyası və türk xalqlarının elmi və mədəni cəhətdən yaxınlaşmasının institusional başlanğıcı hesab olunan Birinci Türkoloji Qurultayın materiallarının öyrənilməsi və tədrisi məsələləri barədə məruzələr; “Birinci Türkoloji Qurultayda dil quruculuğu: öyrənilməsi və tədrisi” adlı ikinci bölmə iclasında (həmsədrlər: professor Məhərrəm Məmmədov (BDU), fəlsəfə doktoru Aynur Mayemerova (Türk Akademiyası)) Birinci Türkoloji Qurultayın dil quruculuğu sahəsindəki tarixi rolu, ortaq türk ədəbi dili ideyası, Azərbaycan dilinin orfoqrafiya məsələləri, əlifba islahatları, termin yaradıcılığı, qrammatika, dil tədrisi, qurultayın irsinin türk dillərinin inkişafına təsiri və müasir türkoloji araşdırmalar barədə məruzələr; “Türk xalqlarının mədəniyyəti, tarixi və onların tədrisi məsələləri” adlı üçüncü bölmə iclasında (həmsədrlər: dosent Məti Bayramlı (BDU), professor Cabbor İşankulov (Özbəkistan EA-nın Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu)) türk xalqlarının tarixi və mədəni irsi, ümumtürk terminologiyası, Altay və Ural-Altay nəzəriyyələri, türk xalqlarının tarixi və sivilizasiyasının tədrisi, etnolinqvistik problemlər, müasir yanaşmalar, həmçinin Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixinin və mədəniyyətinin öyrənilməsi və tədrisinə təsiri barədə məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfransın panel sessiyası və bölmə iclaslarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasından olan tədqiqiatçıların 60-a yaxın məruzəsi dinlənilmişdir.
“Birinci Türkoloji Qurultayın dərsləri” kitabı
2026-cı il 30 iyun tarixində BDU-da BDU-nun nəşr etdiyi “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimdə BDU-nun rektoru Elçin Babayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, kitabının müəllifi, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, BDU-nun Türk filologiyası kafedrasının professoru, Milli Məclisin deputatı Jalə Əliyeva, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram, Akademiyanın mütəxəssisi Aynur Mayemerova çıxış etmiş, kitabın həm qurultayda müzakirə olunan mövzuların yenidən elmi müstəviyə çıxarılması baxımından, həm də tədris vəsaiti kimi əhəmiyyəti barədə öz filiklərini bildirmişdirlər.
“Birinci Tükoloji Qurultayın dərsləri” kitabını Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov hazırlamışdır və kitab BDU Elmi Şurasında müzakirə olunaraq dərs vəsaiti kimi təsdiq edilmişdir. Dərs vəsaitində Birinci Türkoloji Qurultayın materialları elmi əsaslarla öyrənilir. Qurultayın əlifba, orfoqrafiya, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri (mövzuları) üzrə dərsləri ön plana çıxarılır. Dərs vəsaiti filologiya və tarix, şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də Qurultayın zəngin elmi-mədəni irsi ilə maraqlananlar, tədqiqiatçılar üçün əhəmiyyətli mənbə olacaqdır.
Türk Akademiyasının çap etdirdiyi “100 ilin ardından Bakı Türkoloji Qurultayı” və "Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” kitablarının BDU-da təqdimat mərasimi
30 iyun tarixində BDU-da həmçinin Türk Akademiyasının çap etdirdiyi “100 ilin ardından Bakı Türkoloji Qurultayı” və "Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” kitablarının sərgisi və təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Türk Akademiyasının hazırladığı nəşrlərin türkologiya elminin inkişafına töhfə olduğu vurğulanmışdır. Kitablar həm qurultayda müzakirə olunan mövzuların yenidən elmi müstəviyə çıxarılması baxımından, həm də tədris vəsaiti kimi mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçılara və oxuculara Birinci Türkoloji Qurultayın keçirildiyi dövrün tarixi kontekstini arxiv sənədləri, protokolları və rəsmi məruzələri əsasında dərindən öyrənməyə imkan verir.
“Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat (26 fevral – 6 mart 1926-ci il)” kitabı
İyulun 2-də Azərbaycan Milli Kitabxanasında BDU və Azərbaycan Milli Kitabxanasının birgə hazırladığı “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat (26 fevral – 6 mart 1926-ci il)” kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Xalq şairi Sabir Rüstəmxanlı, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov, Türkiyənin Milli Kitabxana və Nəşrlər İdarəsinin Baş direktoru Taner Beyoğlu, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli və türkiyəli professor Osman Fikri Sertkaya çıxış etmişdir. Çıxışlarda Qurultayın 80 illiyi münasibətilə 2006-cı ildə BDU alimləri tərəfindən tərcümə edilərək nəşr olunan “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat”ın həm qurultay materiallarının yeni elmi baxış prizmasından yenidən qiymətləndirilməsinə, həm də müasir nəşr və informasiya texnologiyalarının tətbiqinə ehtiyac duyulduğundan nəşrin yenilənməsi zərurətinin yarandığı bildirilmiş və əlavələrlə yenidən nəşr olunan materialların tam və ardıcıl şəkildə əks olunmasının əhəmiyyəti vuğulanmışdır.
Kitab Birinci Türkoloji Qurultayda müzakirə olunan fundamental məsələlərin yenidən elmi dövriyyəyə daxil edilməsinə, müasir türkologiya araşdırmalarının zənginləşdirilməsinə və ali təhsil müəssisələrində dəyərli tədris vəsaiti kimi istifadəsinə mühüm töhfədir. Yeni nəşrdə məruzələr, müzakirələr və qəbul edilmiş qətnamələr orijinal məzmunu qorunmaqla oxuculara təqdim edilir. Bu isə kitabı tədqiqatçılar üçün etibarlı və fundamental elmi mənbəyə çevirir.
***
Bundan əlavə, ilboyu BDU-da Birinci Türkoloji Qurultayın elmi-mədəni irsinin tədqiqi və təbliği istiqamətində silsilə elmi seminarlar, dəyirmi masalar, görüşlər, mühazirələr təşkil edilmişdir. Tələbələr arasında Birinci Türkoloji Qurultayın elmi-mədəni irsinin təbliği məqsədilə 2026-cı il 28 fevral tarixində “BDU könüllüləri” təşkilatçılığı ilə keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş simulyasiya konfransı xüsusilə əhəmiyyətli olmuşdur. Simulyasiya konfransında 20-yə yaxın könüllü təşkilatının üzvü, ölkəmizin 10-dan çox universitetinin tələbəsi iştirak etmişdir.
“Türk dünyası həftəsi” çərçivəsində keçirilən tədbirlərdə BDU-nun alimlərinə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təsis edilmiş xatirə döş nişanları təqdim olunmuşdur.