BDU-da “Arxeologiya, etnologiya və antropologiyanın aktual məsələləri” mövzusunda Respublika elmi konfransı

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Arxeologiya və Etnoqrafiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş “Arxeologiya, etnologiya və antropologiyanın aktual məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov Arxeologiya və etnoqrafiya kafedrasının tarixi və inkişaf yolu barədə məlumat verib. O, kafedranın ölkədə arxeologiya, etnologiya, etnoqrafiya, antropologiya üzrə peşəkar mütəxəssislərin yetişdirilməsində əsas baza rolunu oynadığını vurğulayıb. Kafedranın müxtəlif dövrlərdə həyata keçirdiyi elmi-tədqiqat və tədris fəaliyyətinə toxunan dekan onun formalaşmasında və inkişafında xidmətləri olan alimlərin əməyini qeyd edib. Həmçinin bu sahələrdə elmi ənənələrin qorunmasının, müasir tədqiqat istiqamətlərinin genişləndirilməsinin və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən danışıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev Bakı Dövlət Universitetinin, xüsusilə Tarix fakültəsinin Azərbaycanın elm tarixindəki rolunu qeyd edib. O, respublikanın müxtəlif elm və təhsil müəssisələrində kafedranın məzunlarının uğurlu fəaliyyətindən bəhs edib, arxeologiya elminin inkişaf perspektivləri və BDU ilə institut arasında əməkdaşlıq əlaqələrinə toxunub. Həmçinin tələbələrin arxeoloji qazıntı işlərinə cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Konfransda AMEA Arxeologiya və Antropologiya İnstitutunun Tunc dövrü arxeologiyası şöbəsinin baş elmi işçisi professor Hidayət Cəfərov, institutun Antropologiya Mərkəzinin müdiri professor Əliağa Məmmədli və BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müdiri tarix elmləri doktoru, professor Tarix Dostiyev çıxış ediblər. Çıxışlarda arxeologiya, etnoqrafiya və antropologiya sahələrində müasir tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin elmi araşdırmalara cəlb olunması, eləcə də bu elmlərin tədrisi və inkişafı istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Konfransa Bakı Dövlət Universiteti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya bölməsi, Milli Azərbaycan Tarixi Muzeyi, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Qobustan Milli Tarix-Bədii Qoruğu, Qərbi Kaspi Universiteti, “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və digər elm və təhsil müəssisələrindən 65 elmi tezis daxil olub.
Plenar iclasdan sonra konfrans dörd bölmə üzrə işini davam etdirib.