30 ilin dərsi, 30 illik dostluq

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 1996-2000-ci illərdə təhsil almış məzunları illər sonra yenidən doğma auditoriyada bir araya gəliblər.
Azərbaycan Radiosunun direktoru, fakültənin müəllimi Billurə Aslanqızı müəllimləri və qrup yoldaşlarını salamlayıb, tələbəlik illərinin unudulmaz xatirələrini yada salıb, Jurnalistika fakültəsində olan yenilikləri diqqətə çatdırıb.
Daha sonra vaxtsız itirdikləri qrup yoldaşları – Dəyanət Söhbətov, Şəlalə Kərimova və yaxın günlərdə vəfat edən Vətən müharibəsi qazisi Rəşad Baxşəliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüş zamanı tələbəlik illərini əks etdirən foto və videolardan ibarət videoçarx nümayiş etdirilib. 30 il keçməsinə baxmayaraq, məzunlar yenidən eyni partalarda əyləşərək, o illərin xatirələrini yaşayıblar. Dostluq bağlarının dəyişmədiyini, tələbəlik illərinin isə həyatlarının ən dəyərli dövrlərindən biri olduğunu vurğulayıblar.
Tədbirdə həmin illərdə fakültənin dekanı işləmiş professor Akif Rüstəmov, müəllimlər - professor Cahangir Məmmədli, professor Qulu Məhərrəmli və dosent Gülnarə Sadıqova çıxış edərək keçmiş illərlə bağlı xatirələrini bölüşüblər.