Akdeniz Universitetinin professoru BDU-da meyvə və tərəvəzlərdə keyfiyyətin qorunmasına dair mühazirə oxuyub
Bakı Dövlət Universitetində (BDU) 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Türkiyənin Akdeniz Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı, professor Mustafa Erkanın "Yaş meyvə və tərəvəzlərdə keyfiyyətin qorunmasında yeni yanaşmalar" mövzusunda elmi seminarı keçirilib.
Professor Mustafa Erkan meyvə və tərəvəzlərin təravətinin uzun müddət qorunması, saxlanma şəraitlərinin optimallaşdırılması və yığım sonrası (post-harvest) texnologiyaları ilə bağlı ən son elmi nailiyyətləri iştirakçılarla bölüşüb.
O, kənd təsərrüfatı məhsullarının saxlama müddətinin artırılması üçün tətbiq olunan müasir texnologiyalar, o cümlədən atmosfer nəzarəti, xüsusi qablaşdırma üsulları və biomühəndislik həlləri barədə geniş məlumat verib.
Alim Azərbaycan üçün də xarakterik olan alma və pomidor sortlarının keyfiyyətinin artırılması məqsədi ilə tətbiq olunan metodologiyalar, eləcə də ekoloji cəhətdən təmiz və effektiv pestisidlərin istifadəsi ilə bitki xəstəlikləri və zərərvericilərə qarşı mübarizə aparılması, məhsulun yığımından sonra tətbiq olunan müasir emal və saxlanma texnologiyaları ilə meyvə-tərəvəzlərin təravəti, qida dəyəri, atmosfer nəzarəti və xüsusi qablaşdırma üsulları haqqında da iştirakçıları məlumatlandırıb.
Seminar iştirakçıları qida sənayesində ərzaq məhsullarının keyfiyyətinin saxlanması, ekoloji dayanıqlılıq və istehlakçı tələblərinə uyğun texnologiyaların tətbiqi mövzusunda suallar ünvanlayaraq, mütəxəssislə interaktiv müzakirə aparıblar.