Azərbaycanın zəngin faydalı qazıntılarının nümayiş olunduğu Faydalı qazıntılar muzeyi 1943-cü ildə fəaliyyətə başlamışdır. BDU-da Geologiya fakültəsi yarandığı ildə akademik Mirəli Qaşqay və professor Əziz Əsgərovun təşəbbüsləri ilə yaradılmışdır. Muzeyin başlıca vəzifəsi ölkəmizdə indiyədək kəşf edilmiş yataqlardan əyani, elmi və mineraloji material toplamaq, elmi bilikləri təbliğ etmək və Azərbaycan geologiya elminin nailiyyətlərini geniş yaymaqdır.
Tələbələrin geologiya ixtisasına dərindən yiyələnmələri üçün Faydalı qazıntılar muzeyində mineralogiya, petroqrafiya, faydalı qazıntılar üzrə zəngin kolleksiya toplanmışdır. Orijinal tematik strukturu olan muzeydə tələbələrin geologiya və geologiya mühəndisliyi ixtisaslarını hərtərəfli mənimsəmələri üçün mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər fənlər üzrə mütəmadi zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilir. Bu ekspozisiyalar Göygöl, Qazax, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir filiz rayonlarını təmsil edir, xüsusilə Naxçıvan Muxtar Respublikasının ərazisində olan faydalı qazıntı yataqlarından götürülmüş nümunələr öz əksini tapır.
Muzeydə 1997-ci ildən akademik Musa Əliyev adına kabinet fəaliyyət göstərir. Kabinet alimin şəxsi kitabları hesabına zəngin kitabxana fonduna çevrilmişdir.
2025-ci ildə muzey bp və şirkətin Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının (“SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies”) dəstəyi ilə əsaslı təmir olunaraq yenidən qurulmuş, elektronlaşdırılmış və əlavə eksponatlarla zənginləşdirilmişdir.