MƏRKƏZİN ƏSASNAMƏSİ

Bakı Dövlət Universitetinin “KEYFİYYƏT TƏMİNATI MƏRKƏZİ”nin Əsasnaməsi 

 

  1. Ümumi müddəalar

1.1. Keyfiyyət təminatı mərkəzi (bundan sonra “Mərkəz”) Bakı Dövlət Universitetinin struktur bölməsi olub keyfiyyətin planlaşdırılması, monitorinqi, təhlili, təmini, eləcə də keyfiyyətə nəzarət, metodiki dəstək və davamlı inkişaf funksiyalarını həyata keçirir.

1.2. Mərkəz öz fəaliyyəti zamanı Azərbaycan Respublikasının (AR) qanunlarını, AR Prezidentinin fərman və sərəncamlarını, AR Nazirlər Kabinetinin qərar və sərəncamlarını, AR Elm və Təhsil Nazirliyinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və tövsiyələrini, Universitetin Nizamnaməsini, Elmi Şurası və Himayəçilər Şurasının qərarlarını, rektorunun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Universitetin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4 .Mərkəzin tərkibinə aşağıdakı şöbələr daxildir:

1.4.1. Monitorinq, təhlil və akkreditasiya şöbəsi;

1.4.2. Təlim, metodiki dəstək və inkişaf şöbəsi.

 

  1. Mərkəzin əsas fəaliyyət istiqamətləri

2.1. Keyfiyyət təminatı və inkişafına yönəlmiş siyasət və prosedurların formalaşdırılması, nəzərdən keçirilməsi, icrası, monitorinqi, eləcə də keyfiyyət mədəniyyətinin qurulması.

2.2. Keyfiyyət təminatı fəaliyyətlərinin səmərəli təşkil edilməsi.

2.3. Struktur bölmələrin fəaliyyətinin, tədrisin təşkilinin, təhsil proqramlarının icrasının, beynəlmiləlləşmə və elmi-tədqiqat fəaliyyətlərinin keyfiyyətinin monitorinqi, eləcə də müvafiq istiqamətlər üzrə təlim və metodiki dəstək xidmətlərinin göstərilməsi.

2.4. Maraqlı tərəflərdən (təhsilalan, təhsilverən, məzun və s.) məmnuniyyət sorğularının keçirilməsi və nəticələrinin təhlil olunması.

2.5. Keyfiyyətin idarəedilməsi və təmini istiqamətində bilik və bacarıqların artırılması məqsədi ilə müxtəlif mövzularda təlimlərin təşkili və müvafiq istiqamət üzrə metodiki dəstəyin göstərilməsi.

2.6. Fəaliyyət istiqamətinə aid formalaşdırılmış müvafiq Komissiyaların və (və ya) işçi qrupların fəaliyyətinin təşkili və əlaqələndirilməsi.

2.7. Nüfuzlu beynəlxalq reytinqlərdə mövcud vəziyyətin təhlili, müvafiq istiqamətdə fəaliyyətin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.

2.8. İnstitusional və (və ya) proqram akkreditasiyası üzrə illik əsasda özünütəhlilin aparılması, eləcə də institusional və proqram akkreditasiyası sonrası verilmiş tövsiyələrin icrasının monitorinqi.

2.9. İxtisasların və (və ya) ixtisaslaşmaların beynəlxalq proqram akkreditasiyalarından keçirilməsi istiqamətində fəaliyyətlərin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.

 

  1. Mərkəzin əsas vəzifələri

3.1. Keyfiyyət təminatı siyasətinin maraqlı tərəflərin cəlb olunması ilə hazırlanması, yenilənməsi, təkmilləşdirilməsi və müvafiq fəaliyyət planı əsasında icrası.

3.2. Tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin hazırlanması və dəstəyin göstərilməsi.

3.3. Monitorinqlər zamanı beynəlxalq təcrübəyə uyğun olaraq metodologiyanın formalaşdırılması və monitorinq meyarlarının müəyyənləşdirilməsi.

3.4. Tədris-proqram sənədlərinin (fənn proqramı və sillabus) və tədris-metodiki materialların keyfiyyətinin monitorinqi.

3.5. Struktur bölmələrin fəaliyyətinin, tədrisin təşkilinin, təhsil proqramlarının icrasının, elmi-tədqiqat və beynəlmiləlləşmə istiqamətində fəaliyyətlərin keyfiyyətinin monitorinqi.

3.6. Maraqlı tərəflərdən (təhsilalan, təhsilverən, məzun və s.) məmnuniyyət sorğularının keçirilməsi və nəticələrinin təhlili.

3.7. Tələbə dəstək xidmətlərinin (Tibbi xidmət, psixologiya xidməti, tyutor xidməti, yataqxana, yeməkxana və s.) səmərəliliyinin qiymətləndirilməsi.

3.8. Ali təhsil pilləsi üzrə institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları əsasında şöbələrin hesabatlılığının formalaşmasının, eləcə də illik əsasda özünütəhlilin aparılmasının təmin olunması.

3.9. Ali təhsil pilləsi üzrə institusional və (və ya) proqram akkreditasiya qiymətləndirilməsi zamanı Təşkilat Komissiyasının fəaliyyətinə və özünütəhlilin aparılması prosesinə nəzarət edilməsi.

3.10. Akkreditasiya sonrası verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinqi.

3.11. Keyfiyyət təminatı sahəsində beynəlxalq və yerli təcrübənin öyrənilməsi və müvafiq qaydada yerli kontekstdə icrası.

3.12. Biliyi qiymətləndirmənin şəffaf, obyektiv, tələbəyönlü və səriştə əsaslı olmasının mütəmadi monitorinqi.

3.13. Keyfiyyət təminatına dair təlimlərin, seminarların, dəyirmi masa müzakirələrinin təşkili.

3.14. Akademik dürüstlüyün təşviqi, akademik müstəqilliyin qorunması üçün tədbirlərin görülməsi və köçürmə hallarına qarşı mübarizə fəaliyyətlərinin səmərəliliyinin qiymətləndirilməsi.

3.15. Fəaliyyət istiqamətinə uyğun analitik materialların və (və ya) təlimatların hazırlanması və metodiki dəstəyin göstərilməsi.

3.16. Fəaliyyət istiqamətinə aid formalaşdırılmış müvafiq Komissiyaların və (və ya) işçi qrupların fəaliyyətinin təşkili və əlaqələndirilməsi.

3.17. Universitetin nəzdində fəaliyyət göstərən Filial, Kollec və Liseyə keyfiyyət təminatı sahəsində dəstəyin göstərilməsi.

3.18. Nüfuzlu beynəlxalq reytinqlərdə mövcud vəziyyətin təhlili, müvafiq istiqamətdə fəaliyyətin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.

3.19. İxtisasların və (və ya) ixtisaslaşmaların beynəlxalq proqram akkreditasiyalarında keçirilməsi istiqamətində fəaliyyətlərin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.

3.20. Öz fəaliyyət istiqamətinə uyğun olaraq hesabatlılığın müvafiq qaydada və müəyyən olunmuş tezlikdə təmini.

3.21. Beynəlxalq nüfuzlu reytinqlərin metodologiyasına uyğun olaraq siyasət sənədlərinin və hesabatlarının hazırlanması və müvafiq qaydada əlçatanlığının təmin olunması.

3.22. Beynəlxalq nüfuzlu reytinqlərin metodologiyasına uyğun olaraq məlumatların davamlı olaraq müvafiq struktur bölmələrdən toplanması və portal üzrə yerləşdirilməsi.

3.23. Akademik heyətin pedaqoji, tədqiqat və İKT bacarıqlarının artırılması istiqamətində davamlı inkişaf fəaliyyətlərinin aparılması.

3.24. Rektor tərəfindən Mərkəzə həvalə edilmiş bu Əsasnamə ilə müəyyən olunmuş səlahiyyətlərin daxilində digər funksiyaların həyata keçirilməsi.

 

  1. Mərkəzin əsas hüquqları

4.1. Struktur bölmələrdən müvafiq məlumatları tələb etmək, təqdim olunmuş məlumatları nəzərdən keçirmək və məlumatların etibarlı, əsaslı və yetərli olmasını müəyyənləşdirmək və düzəlişlər tələb etmək.

4.2. Keyfiyyət təminatı sisteminin səmərəliliyinin artırılması məqsədi ilə təkliflər hazırlamaq və müvafiq qaydada təqdim etmək.

4.3. Müvafiq struktur bölmələrdə planlı və növbədənkənar monitorinqlər həyata keçirmək.

4.4. Mərkəzin işinin təşkili üçün formalaşmış Komissiyalar və (və ya) işçi qrupların fəaliyyətini təşkil etmək.

4.5. Keyfiyyət təminatına dair fərdi və ya kollektiv qaydada şifahi dinləmələr və müzakirələr aparmaq.

4.6. Monitoring sonrası verilmiş tövsiyələrin icrasına dair müvafiq struktur bölmələrdən hesabatlar tələb etmək.

4.7. Yerli və (və ya) beynəlxalq akkreditasiya, eləcə də reytinq ilə bağlı müvafiq struktur bölmələrdən müvafiq sənədlər və (və ya) məlumatları almaq.

4.8. Monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı olaraq struktur bölmələrə tövsiyələr vermək.

4.9. Zəruri hallarda monitoring zamanı çatışmazlıq aşkar olunmuş struktur bölmə işçilərinə və (və ya) akademik heyətə dair müvafiq qaydada inzibati tənbehin olunması üçün rektor qarşısında məsələ qaldırmaq.

4.10. Struktur bölmə rəhbərlərinə işlərin (xidmətlərin) keyfiyyətinin artırılmasına istiqamətlənmiş tədbirlərin görülməsinə dair tövsiyələr vermək.

4.11. Keyfiyyətin artırılması istiqamətində müvafiq struktur bölmələri və digər maraqlı tərəfləri bu tədbirlərin həyata keçirilməsinə cəlb etmək.

4.12. Yaranmış zərurətlə əlaqədar olaraq iş yerlərinə, auditoriya və laboratoriyalara maneəsiz daxil olmaq, nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirmək.

4.13. Tərkibində fəaliyyət göstərən şöbələrin fəaliyyət planına uyğun icrasını monitorinq etmək, tapşırıqları bölmək və icrasını tələb etmək.

4.14. Səlahiyyətləri çərçivəsində xidməti yazışmalar aparmaq.

 

  1. Mərkəzin fəaliyyətinin təşkili

5.1. Mərkəz keyfiyyət təminatı fəaliyyəti “Ali təhsil pilləsi üzrə institusional və proqram akkreditasiya qiymətləndirmə meyarları”, “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standart və Təlimatlar”, Keyfiyyət təminatı siyasəti, Elmi Şuranın qərarları, BDU-nun İnkişaf Strategiyası və bu Əsasnamə əsasında müəyyən edilir.

5.2. Mərkəzin və onun tabeliyində olan şöbələrin strukturu və ştat tərkibi Universitetin Nizamnaməsinə uyğun təsdiq edilir.

5.3. Mərkəzin yaradılması, yenidən təşkili və ləğvi Universitetin Nizamnaməsinə uyğun həyata keçirilir.

5.4. Mərkəzə rektor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.5. Mərkəzin direktoru:

5.5.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. Tabeliyində olan şöbələrin müdirlərinin təyin edilməsi haqqında rektora təqdimat verir;

5.5.3. Şöbə müdirləri, Mərkəzin əməkdaşları arasında vəzifə bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

5.5.4. Mərkəz üzrə tədris prosesi ilə bağlı Universitetin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

5.5.5. Mərkəzin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Universitetin rəhbərliyinə təqdimatlar verir;

5.5.6. Daxil olan məktub, ərizə, şikayət, təqdimat və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

5.5.7. Mərkəz qarşısında qoyulmuş fəaliyyəti planlaşdırır, təşkil edir və həyata keçirir;

5.5.8. Mərkəzin fəaliyyətinin optimal təşkili məqsədi ilə tabeliyində olan bütün struktur bölmələrinin fəaliyyətini əlaqələndirir;

5.5.9. Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün tam məsuliyyət daşıyır.

5.6. Mərkəzin bütün işçiləri rektorun əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər.

5.7. Mərkəzin hər bir işçisi öz üzərinə düşən vəzifə funksiyalarını tam, keyfiyyətlə, zamanında və layiqincə yerinə yetirilməsinə və Mərkəzin tabeliyində olan şöbələrdə bütün sənədlərin qorunmasına məsuliyyət daşıyır.

5.8. Mərkəz direktoru və şöbə müdirləri bu Əsasnamə ilə müəyyən olunan vəzifələrin icrasını təmin edir.

5.9. Mərkəzin tərkibində fəaliyyət göstərən şöbələr tələb olunan zamanda və keyfiyyətdə Mərkəzin direktoruna müvafiq qaydada hesabat verir.

5.10. Mərkəzin direktoru tələb olunan zamanda və keyfiyyətdə rektora hesabat verir və təqdim olunmuş hesabatların etibarlılığına, əsaslılığına və doğruluğuna görə Mərkəzin direktoru məsuliyyət daşıyır.

5.11. Mərkəzin direktorunun, şöbə müdirlərinin və işçilərinin vəzifə və hüquqları qüvvədə olan qanunvericilik aktları, bu Əsasnamə və vəzifə təlimatları əsasında müəyyən olunur.

5.12. Mərkəzin bütün əməkdaşları qanunvericiliyin və bu Əsasnamə ilə müəyyənləşdirilmiş tələblərin pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.

 

  1. Yekun müddəalar

6.1. Bu Əsasnamə Universitetin Elmi Şurasının qərarı ilə qəbul edilir və rektor tərəfindən təsdiq edilir. Bu Əsasnaməyə əlavə və dəyişikliklər Universitetin Elmi Şurasının qərarı ilə qəbul edilir və rektor tərəfindən təsdiq edilir.

6.2. Azərbaycan Respublikasının qanunvericiliyinə dəyişiklik edilməsi nəticəsində bu Əsasnamənin hər hansı müddəası ilə qanunvericilik arasında ziddiyyət yaranarsa, həmin müddəa qüvvədən düşmüş hesab edilir.

6.3. Əsasnamə qanunvericilik aktları ilə müəyyən edilmiş qaydalara, hüquq, vəzifə və məsuliyyətə təsir göstərmir.

6.4. Əsasnamə təsdiq edildiyi gündən qüvvəyə minir.