BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib

Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Texniki Universitetinin ev sahibliyi ilə I Gürcüstan-Azərbaycan Rektorlar Konfransı öz işinə başlayıb. Forum çərçivəsində tərəflər təhsil sahəsində mövcud potensialı müzakirə edib, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları və birgə elmi-tədqiqat imkanları ətrafında fikir mübadiləsi aparıblar.
"Ali təhsildə Gürcüstan-Azərbaycan əməkdaşlığı: Dialoqdan strateji tərəfdaşlığa" mövzusuna həsr olunmuş panel müzakirəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev çıxış edib. Rektor iki ölkə arasında mövcud strateji tərəfdaşlıq, dostluq və ortaq-tarixi mədəni əlaqələrin universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm zəmin yaratdığını bildirib.
Rektor qeyd edib ki, BDU ilə Gürcüstan universitetləri arasında bir sıra memorandumlar imzalansa da, praktiki əməkdaşlığa ehtiyac var. Əməkdaşlığın prioritet istiqamətləri sırasında Azərbaycanşünaslıq və Gürcüstanşünaslıq istiqatlərində fəaliyyətlər (Mərkəzlərin, laboratoriyaların, auditoriyaların yaradılması), gürcü dili üzrə ixtisaslı müəllimlərin BDU-da tədrisə cəlb edilməsi və qarşılıqlı akademik fəaliyyətin formalaşdırılması xüsusi qeyd edilib. Tədris proqramlarının müasirləşdirilməsi, rəqəmsal texnologiyalar, süni intellekt, sahibkarlıq və yaşıl texnologiyalar üzrə birgə fəaliyyətin inkişafı təklif edilib: “Birinci Gürcüstan-Azərbaycan Rektorlar Konfransının məqsədi məhz əldə edilmiş təcrübənin bölüşülməsi, birgə fəaliyyət proqramının müzakirə olunması və ən qısa zamanda uğurla həyata keçirilməsinə nail olunmasıdır. Biz düşünürük ki, ilk olaraq elmi tədqiqatlardan başlaya bilərik. Bu istiqamətdə prioritet sahələrin müəyyənləşdirilməsi çox vacibdir. Burada həm ənənəvi sahələr, həm müasir elmi trendlər nəzərə alınmalıdır”.
BDU rektoru təhsil sahəsində ikili diplom proqramlarının təsis olunmasının və akademik heyətin mübadiləsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasındakı coğrafi yaxınlıq və ortaq dəyərlər bu təşəbbüslərin uğurla icrasına geniş imkanlar açır. Çıxışda BDU-nun Qazax filialının Gürcüstan ali təhsil müəssisələri ilə əməkdaşlıq üçün əlverişli mövqeyə malik olduğu diqqətə çatdırılıb. Bu imkanlardan yararlanaraq tələbələrin birgə təhsil proqramlarına, yay məktəblərinə, akademik mübadilə və tədqiqat layihələrinə cəlb edilməsinin mümkünlüyü vurğulanıb. Elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi məqsədilə riyaziyyat, materialşünaslıq, kimya, biologiya və digər təbiət elmləri üzrə birgə araşdırmaların aparılması təklif olunub. BDU-nun Astrofizika kafedrası ilə Abastumani Rəsədxanası arasında əlaqələrin qurulması, eləcə də Qafqaz tarixi, arxeologiya, şərqşünaslıq, ədəbiyyat və folklor istiqamətlərində ortaq tədqiqatların həyata keçirilməsi vacib hesab edilib.
Mədəni əlaqələrin inkişafı çərçivəsində dərsliklərin, Azərbaycan və gürcü ədəbiyyatı nümunələrinin qarşılıqlı tərcüməsi, folklor layihələrinin, birgə mədəni və akademik tədbirlərin təşkili təşəbbüsü irəli sürülüb. Sonda tərəfdaş universitetlərin müəyyənləşdirilməsi, birgə işçi qruplarının yaradılması, prioritet layihələrin seçilməsi və növbəti tədris ilindən onların icrasına başlanılması təklif edilib.