BDU-da əcnəbi tələbənin elmi seminarı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Qazaxıstan Milli Kitabxanası qlobal informasiya məkanında” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Qazaxıstan Respublikasının Lev Qumilyov adına Avrasiya Milli Universitetinin tələbəsi, mübadilə proqramı çərçivəsində BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində təhsil alan Gauhar Orazgaliyeva məruzə ilə çıxış edib.
Məruzəçi eyni soya malik olan xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən bəhs edib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ardıcıl səyləri ilə münasibətlərimizin ən yüksək səviyyəyə çatdırıldığını vurğulayıb. BDU ilə Qazaxıstanın ali təhsil müəssisələrinin əməkdaşlığından bəhs edən gənc tədqiqatçı bildirib ki, BDU-nun ikili diplom proqramlarından 4-ü məhz Qazaxıstanın ali məktəbləri ilə həyata keçirilir. Təmsil etdiyi Lev Qumilyov adına Avrasiya Milli Universiteti ilə BDU-nun ardıcıl inkişaf edən əlaqələri haqqında məlumat verən Gauhar Orazgaliyeva ölkəmizdə təhsilini davam etdirməsindən məmnunluğunu ifadə edib.
Məruzədə Qazaxıstan Milli Kitabxanasının yaranma tarixi və inkişaf mərhələləri, kitabxananın ənənəvi və rəqəmsal informasiya resursları, müasir kitabxana-informasiya xidmətləri, beynəlxalq informasiya mübadiləsində iştirakı barədə ətraflı məlumat verilib. Qurumun mədəni irsin qorunması, elmi informasiya resurslarının təşkili və qlobal informasiya məkanına inteqrasiya sahəsindəki fəaliyyəti diqqətə çatdırılıb.
Araşdırmada müasir kitabxanaların informasiya cəmiyyətindəki rolu, o cümlədən, milli informasiya resurslarının beynəlxalq səviyyədə təqdim olunması, rəqəmsal texnologiyaların kitabxana fəaliyyətinə təsiri kimi mühüm istiqamətlər şərh edilib. Bu kontekstdə Azərbaycan-Qazaxıstan kitabxana-informasiya əlaqələrinin inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunulub, bir sıra müqayisəli təhlillər aparılıb. Qazaxıstan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasındakı əlaqələrdən danışan gənc tədqiqatçı ölkələrimizin kitabxana-informasiya sistemlərinin müqayisəli tədqiqinin, bu istiqamətdə tələbələr arasında elmi ünsiyyətin genişləndirilməsinin, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Elmi seminar müzakirələrlə davam edib.