BDU-da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərs

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olunub.
Əvvəlcə Xocalı soyqırımı zamanı və Vətənimizin azadlığı uğrunda şəhid olan bütün soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Xüsusi dərs Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslanın mühazirəsi ilə davam edib. Knyaz Aslan ermənilərin tarixən xalqımıza qarşı apardığı düşmənçilik siyasətindən, törətdikləri qanlı cinayətlərdən bəhs edib. Mühazirədə Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımının başvermə səbəbləri, soyqırım qurbanları barədə tələbələrə dolğun informasiya verilib. Natiq faciəyə hüquqi-siyasi qiymətin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini xüsusi vurğulayıb. Həmçinin soyqırımın dünyada tanıdılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Xocalı soyqırımının baş verdiyi dövrdə jurnalist kimi fəaliyyət göstərən Knyaz Aslan müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələrdən sitat gətirib, eyni zamanda faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub. Knyaz Aslan qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisası alınıb, ərazi bütövlüyümüz bərpa edilib: “Bu gün azad Xocalıda üçrəngli bayrağımız qürurla dalğalanır. Xocalı sakinləri artıq öz doğma yurdlarına qayıdıblar, orada yaşayırlar, qurub-yaradırlar. Bu, böyük xoşbəxtlikdir”.
Sonra İnformasiya və sənəd menecmenti fakültəsinin tələbəsi – Xocalı sakini İlahə Qənbərova öz təəssüratlarını bölüşüb. Bildirib ki, faciə zamanı bir çox yaxın qohumu vəhşicəsinə qətlə yetirilib, əsir götürülüb. İlahə Qənbərova artıq ailəsinin Xocalıda yaşadığını, özünün də dəfələrlə doğma yurdunda olduğunu bildirib: “Bu gün Xocalı yenidən qurulur, abadlaşır. Bütün bunlar möcüzədir. Şəhidlərimizin ruhu şad, qazilərimiz var olsun”.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.