Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru Vərqa Kələntərov Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat və Fizika fakültələrinin birgə elmi seminarında “Navye-Stoks və Kleyn-Qordon tənlikləri” mövzusunda məruzə edib.
Məruzədə Navye-Stoks tənlikləri, qeyri-xətti Kleyn-Qordon tənliyi və onların müxtəlif modifikasiyaları üçün başlanğıc-sərhəd məsələləri, həllərin varlığı və yeganəliyi, eləcə də zamana görə asimptotik davranışı ilə bağlı elmi nəticələrə dair icmal təqdim olunub.
Professor Vərqa Kələntərov əvvəlcə Navye-Stoks problemi haqqında məlumat verib. Bildirib ki, üçölçülü fəzada Navye-Stoks tənliklərinin hamar qlobal həllərinin mövcudluğu və zəif həllərin yeganəliyi riyazi fizikanın uzun müddətdir araşdırılan fundamental problemlərindəndir.
Qeyd olunub ki, Navye-Stoks problemi Kley Riyaziyyat İnstitutunun müəyyən etdiyi yeddi “Minilliyin problemi”ndən biridir və onun həlli üçün 1 milyon ABŞ dolları məbləğində mükafat nəzərdə tutulub.
Məruzədə, həmçinin bu istiqamətdə son elmi yeniliklərə toxunulub. Bildirilib ki, OpenAI 2026-cı il sentyabrın 8-də Navye-Stoks problemi üzrə süni intellekt sistemi tərəfindən əldə edilmiş həlli və onun Lean proqramlaşdırma dilində formallaşdırılmış sübutunu təqdim edib. Açıqlanan nəticəyə əsasən, başlanğıcda sakit vəziyyətdə olan, hamar xarici qüvvənin təsir göstərdiyi və enerjisi sonlu qalan mayedə sonlu zaman ərzində sinqulyarlıq yarana bilər. OpenAI bu nəticənin Kley Riyaziyyat İnstitutunun rəsmi problem formulunda nəzərdə tutulan hallardan birini həll etdiyini bildirir. Kley Riyaziyyat İnstitutu isə açıqlanan nəticənin qiymətləndirilməsi prosesinin davam etdiyini qeyd edib.
Seminarın sonunda məruzə ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.