BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

Bakı Dövlət Universitetində (BDU) rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlərin daha sistemli və strateji əsasda inkişaf etdirilməsi məqsədilə fəaliyyət planı mərhələli olaraq təkmilləşdirilir.
Bununla bağlı BDU Elmi Şurası müvafiq qərar qəbul edib. BDU-nun rektoru Elçin Babayev bildirib ki, 2026-cı il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Müşavirədə dövlət başçısının süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma və bu sahədə kadr hazırlığı ilə bağlı səsləndirdiyi strateji tapşırıqlar ali təhsil müəssisələrinin üzərinə də mühüm vəzifələr qoyur.
Rektor diqqətə çatdırıb ki, bu istiqamətdə BDU-da artıq məqsədyönlü və davamlı işlər həyata keçirilir. Universitetdə Rəqəmsal Tədqiqatlar Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzi fəaliyyət göstərir. Hazırda fəaliyyəti yenidən qurulan və müasirləşdirilən Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində süni intellekt, kibertəhlükəsizlik və kriptoqrafiya üzrə layihələr icra olunacaq. BDU-da Süni intellekt etikası kafedrası yaradılıb. Universitet süni intellekt və kibertəhlükəsizlik sahələrində xüsusi layihələrin genişləndirilməsini, dövlət, sənaye və biznes strukturları ilə əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir.
Təkmilləşdirilən fəaliyyət planında “rəqəmsal universitet” modelinin inkişafı, yeni ixtisas və təhsil proqramlarının yaradılması, mövcud proqramların müasirləşdirilməsi, kadr hazırlığının gücləndirilməsi, süni intellektin universitetin idarəetmə sistemlərinə inteqrasiyası, beynəlxalq strateji tərəfdaşlığın genişləndirilməsi və BDU-nun milli rəqəmsal arxitekturanın akademik platformalarından birinə çevrilməsi kimi prioritet istiqamətlərin əks olunması nəzərdə tutulur.