Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

Çin Xalq Respublikasının Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Qonaqları salamlayan BDU rektoru Elçin Babayev bildirib ki, hazırda Çin Bakı Dövlət Universitetinin əməkdaşlıq etdiyi ölkələr arasında ilk sıradadır. BDU Çinin bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlıq memorandumları və müqavilələri imzalayıb, Anhui Universiteti ilə ikili diplom proqramı icra edir. BDU-da Konfutsi İnstitutunun uğurla fəaliyyət göstərdiyini xatırladan Elçin Babayev Çindən olan tələbələrin sayına görə Universitetin əcnəbi tələbələri arasında ikinci yerdə olduğunu qeyd edib. BDU-da hər il Beynəlxalq Çin Dili Günü qeyd olunur, “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsi keçirilir: “BDU böyük potensialı olan Çin universitetləri ilə əməkdaşlıqda maraqlıdır. Xi’an Shiyou Universiteti də bu siyahıda yer ala bilər. Xüsusilə neft mühəndisliyi, kimya, materialşünaslıq istiqamətləri üzrə birgə tədqiqatların aparılması üçün geniş imkanlar mövcuddur”.
Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjun ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət və təhsil sahələrində yüksək əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Qeyd edib ki, təmsil etdiyi ali məktəb Çində neft-kimya istiqaməti üzrə ixtisaslaşan ilk universitetdir və bu sahədə güclü akademik bazaya malikdir. O, BDU-nun beynəlxalq uğurlarını və təhsil, elm üzrə göstəricilərini yüksək qiymətləndirib, müəllim-tələbə mübadiləsi, akademik əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə universitetlər arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilib.