BDU-da “İxtisasını tanı, gələcəyini qur!” layihəsinin açılış mərasimi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “İxtisasını tanı, gələcəyini qur!” layihəsinin açılış mərasimi keçirilib.
Fakültənin dekanı Akif Ağbabalı layihənin tələbələrin ixtisas seçimində əhəmiyyətli rol oynadığını qeyd edib. O bildirib ki, bu cür təşəbbüslər tələbələrin gələcək karyera planlarının düzgün qurulmasına mühüm töhfə verir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Nigar Həşimova və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, fakültənin məzunu Elxan Hüseyinov çıxış edərək "Torpaqşünaslıq və aqrokimya" ixtisasının mahiyyəti, tətbiq sahələri, karyera perspektivləri və gələcək imkanları barədə ətraflı məlumat veriblər.
Sual-cavab sessiyasında isə tələbələr ixtisasın real iş mühiti, inkişaf yolları və əmək bazarının tələbləri ilə bağlı suallar ünvanlayıblar.
Layihə tələbələrin ixtisaslarını daha dərindən tanımasına və gələcək peşə fəaliyyətləri üçün düzgün qərar verməsinə şərait yaradır. Proqramın davamı olaraq "Ekologiya", "Ekologiya mühəndisliyi" və "Yerquruluşu və daşınmaz əmlakın kadastrı" ixtisasları üzrə də silsilə görüşlərin təşkil olunacağı bildirilib.