BDU-da Milli Qurtuluş Günü qeyd olunub
-lg.jpg)
Bakı Dövlət Universitetində (BDU) 15 iyun – Milli Qurtuluş Gününün 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Milli Qurtuluş Gününün xalqımız üçün dövlətçiliyimizin qorunmasının, müstəqilliyimizin xilasının və müasir Azərbaycanın inkişaf yolunun əsasının qoyulmasını təcəssüm etdirən taleyüklü bir gün olduğunu bildirib. O qeyd edib ki, Milli Qurtuluş Günü dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edilməsinin rəmzi, milli birliyin və xalq-lider həmrəyliyinin təcəssümü, sabitlik, təhlükəsizlik və inkişaf dövrünün başlanğıcıdır: “XX əsrin sonlarında xalqımızın xilası, milli dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi kimi taleyüklü missiyanı Ümummilli Lider Heydər Əliyev son dərəcə mürəkkəb, ziddiyyətli və ağır şəraitdə böyük peşəkarlıq və siyasi uzaqgörənliklə həyata keçirib. Həmin dövrün reallıqlarını, dövlətçiliyimizin hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını nəzərə aldıqda, Azərbaycanın milli qurtuluş mübarizəsinin nə qədər çətin mərhələlərdən keçdiyini, Ulu Öndərin xilaskarlıq missiyasının isə müstəsna tarixi əhəmiyyət daşıdığını bir daha aydın şəkildə görürük. Bütün həyatını doğma xalqının rifahına və xoşbəxtliyinə həsr etmiş Ulu Öndər Heydər Əliyev hələ XX əsrin 70-ci illərindən, Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən etibarən sovet hakimiyyətinin təzyiq və məhdudiyyətlərinə baxmayaraq, dövlətimizin gələcək müstəqilliyinə və xalqımızın milli dirçəlişinə aparan yolun əsaslarını formalaşdırıb, milli özünüdərk və azadlıq ideyalarını cəmiyyətin şüurunda möhkəmləndirib. Təəssüf ki, 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyət uğrunda mübarizə kəskin xarakter almışdı. 1993-cü ilin iyun ayında ölkədəki siyasi böhran isə özünün ən yüksək həddinə çatmışdı. Bu ağır vəziyyətdən Azərbaycanı yalnız Ulu Öndər Heydər Əliyevin xilas edə biləcəyinə ümumxalq inamı formalaşmışdı. Xalqın təkidli çağırışına cavab verən Heydər Əliyev həmin mürəkkəb günlərdə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizin tarixində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Xalqın iradəsi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin tarixi iclasda etdiyi proqram xarakterli çıxışında dövlətimizin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi, xalqımızın qarşısında duran əsas hədəfləri və inkişaf yolunu aydın şəkildə bəyan etdi. Bu tarixi dönüş nöqtəsi cəmiyyətə itirilmiş inamı qaytardı”.
Rektor bildirib ki, bununla da ölkəni bürümüş və xarici qüvvələrin təsiri ilə dərinləşən vətəndaş qarşıdurmasına və dövlət çevrilişi cəhdlərinə qəti şəkildə son qoyuldu. Dövlətimizin parçalanmaq təhlükəsi aradan qaldırıldı. Sabitlik və əmin-amanlıq tədricən bərpa edildi. Məhz bunun nəticəsində ölkəyə iri həcmli xarici sərmayələr cəlb olundu, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, dövlətimizin haqlı mövqeyini dəstəkləyən dost və tərəfdaş ölkələrin sayı artdı. Bu gün Azərbaycanda əldə olunan elmi nailiyyətlər, beynəlxalq səviyyədə uğur qazanan gənclərimiz, müasir universitetlərimiz və təhsil infrastrukturumuz məhz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun nəticəsidir. Dahi şəxsiyyətin xalqımıza ən böyük töhfələrindən biri də həmin siyasi kursu gələcəkdə uğurla davam etdirəcək layiqli siyasi varisi yetişdirməsi oldu: “2003-cü ildən etibarən Azərbaycana uğurla rəhbərlik edən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf və qurtuluş konsepsiyasını ardıcıl şəkildə həyata keçirib, ölkəmizin hərtərəfli inkişafını və vətəndaşlarımızın rifahını təmin edib. Ulu Öndərin arzuları, strateji planları və tarixi torpaqlarımızın azadlığı ilə bağlı müqəddəs vəsiyyəti Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və uzaqgörənliyi sayəsində gerçəkləşib. Əgər 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xaosdan, özbaşınalıqdan, vətəndaş müharibəsi təhlükəsindən və dövlətçiliyimizin məhv olmaq riskindən xilas olmuşdusa, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlanan Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, bir günlük lokal antiterror əməliyyatları ilə ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edildi. Bununla da Heydər Əliyevin 15 iyun 1993-cü ildə əsasını qoyduğu milli qurtuluş yolu şanlı Zəfərlə öz məntiqi yekununa çatdı və ölkəmizin tarixində yeni mərhələ başlandı. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünü, xalqımızın birliyini və Prezident İlham Əliyevin siyasi iradəsini bütün dünyaya nümayiş etdirir. Bu uğurlar həm də Azərbaycanın üzləşdiyi ən ağır sınaqlardan qalib çıxaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar, davamlı inkişaf və yeni nailiyyətlər gözləyir”.
Milli Məclisin üzvü Sevil Mikayılova, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov çıxışlarında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb, ölkənin iqtisadi, siyasi, sosial, mədəni inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd ediblər. Bildirilib ki, qüdrətli Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir.
Sonda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə: 15 iyun – Milli Qurtuluş Günü” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.