BDU-da elmi seminar: "Yaxın və Orta Şərqin yeni təhlükəsizlik arxitekturasında Azərbaycanın yeri və rolu"

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Yaxın və Orta Şərqin yeni təhlükəsizlik arxitekturasının yaranmasında Azərbaycanın yeri və rolu” mövzusunda elmi seminar keçirilib.
Seminarın aktuallığı barədə məlumat verən Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev bildirib ki, sürətlə dəyişən geosiyasi mühitdə beynəlxalq təhlükəsizlik məsələlərinin elmi təhlili xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qlobal sabitlik sistemi bir çox tədqiqatçıların soyuq müharibədən sonrakı dövrlə müqayisə etdiyi struktur transformasiya mərhələsini yaşayır. Bu proses xüsusilə qlobal və regional güclərin maraqlarının kəsişdiyi Yaxın Şərqdə daha aydın müşahidə olunur.
Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülh gündəliyi Cənubi Qafqazda gərginliyin azalmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və regionun ümumi inkişafına xidmət edən mühüm platformadır. Bu yanaşma bölgənin uzunmüddətli sülh və sabitlik perspektivlərini gücləndirir.
Elmi seminarda “NOV MEDİA GROUP” MMC-nin baş direktoru, "Caucasus Policy Analysis Center (CPAC)" beyin mərkəzinin aparıcı analitiki Elmira Talıbzadənin məruzəsi dinlənilib. Məruzəçi vurğulayıb ki, İran, İsrail və ABŞ-nin iştirak etdiyi son proseslər klassik çəkindirmə modellərinin hibrid müharibə, yüksək texnologiyalı zərbə əməliyyatları və informasiya qarşıdurması şəraitində yenidən qiymətləndirilməsini zəruri edir. Qeyd olunub ki, 2024-cü ilin sonu – 2026-cı ilin əvvəlləri arasında beynəlxalq beyin mərkəzləri regionda 300-dən çox hərbi xarakterli hadisəni, o cümlədən raket zərbələri, kiberhücumlar və proksi qrupların fəaliyyətini qeydə alıb.
Məruzədə realizm, neorealizm və konstruktivizm kimi beynəlxalq təhlükəsizlik nəzəriyyələrinin aktuallığı təhlil edilib. Bildirilib ki, realist məktəb dövlətin təhlükəsizlik sistemində əsas aktor olduğunu qəbul edir və mövcud dinamika bu yanaşmanın aktuallığını qoruduğunu göstərir. Eyni zamanda 2025-ci il üzrə region ölkələrinin müdafiə xərcləri, o cümlədən İsrail və Səudiyyə Ərəbistanının büdcələrinin müqayisəli təhlili iştirakçıların diqqətinə çatdırılıb.
Məruzəçi təhlükəsizliyin enerji ölçüsünü də xüsusi vurğulayıb. Qeyd olunub ki, gündəlik 18–20 milyon barel neftin tranzit keçdiyi Hörmüz boğazı qlobal iqtisadiyyatın strateji nəqliyyat arteriyalarından biridir. Burada yarana biləcək hər hansı məhdudiyyət qlobal neft qiymətlərində qısa müddətdə 25–40 faiz artıma səbəb ola bilər ki, bu da Avropa İttifaqı, Çin və Böyük Xəzər regionu ölkələrinin iqtisadiyyatına birbaşa təsir göstərir.
Elmi seminar mövzu ilə bağlı müzakirələrlə yekunlaşıb.