BDU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları, eləcə də Universitetin xanım əməkdaş və tələbələrini təbrik edib.
Əliş Ağamirzəyev qeyd edib ki, Azərbaycan qadını tarix boyu öz mübarizliyi ilə seçilib, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirib. Ülvilik, zəriflik, gözəllik rəmzi olan Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və incəsənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Azərbaycan xanımının mərdliyi, dözümü, səmimiliyi, paklıq və sadəqəti, vəfa və isməti ən ali dəyər kimi həmişə qiymətləndirilib. Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyət həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə hörmət və ehtiramla yanaşıb. Azərbaycan Şərqdə ilk dəfə qadınların hüquqlarını tanıyan, onlara seçmək və seçilmək hüququ verən dövlətdir. Bu gün qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq, övladlarının sabahı, Vətənimizin rifahı uğrunda səylə çalışırlar. Onların uğurlu fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılıb. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyatı və fəaliyyəti hər bir xanım üçün nümunədir.
BDU-nun prorektoru vurğulayıb ki, hazırda BDU-da təhsil alan tələbələrin 68%-ni, əməkdaşların 62%-ə qədərini qadınlar təşkil edir. BDU-nun Azərbaycan təhsilinin, elminin avanqardı olmasında xanım əməkdaşların elmi, pedaqoji potensialının mühüm yeri var.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Milli Məclisin üzvü Sevinc Fətəliyeva, BDU-nun kafedra müdiri, professor Mətanət Abdullayeva çıxışlarında ölkəmizdə qadınlara göstərilən yüksək diqqət, dəyər və qayğıdan danışıb, dövlətimizə sülh, əmin-amanlıq arzulayıblar.
Tədbirin sonunda BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Universitetin xanım əməkdaşları və tələbələrinə gül dəstələri təqdim olunub.