Muzey 1937-ci ildə prof. Mirəli Axundovun təşəbbüsü ilə yaradılıb. Qafqazda ilk və yeganə, keçmiş SSRİ-də isə bu sahədə mövcud olan nadir muzeylərdən biri olmuşdur. Muzeydə təkamül təliminə müvafiq olaraq təlimin dinamikası nümayiş olunur, tələbələrin təkamül təlimini 2461 eksponatdan ibarət əyani vəsaitlər əsasında öyrənməsinə xidmət edir.
Muzeydəki ekspozisiyalar çoxşəkilliliyi ilə fərqlənən canlıların müxtəlif mühit şəraitlərinə uyğunlaşmasının nəticəsi olduğunu təsvir edir. Paleozoy, mezozoy, kaynozoy eralarına dair toplanmış eksponatlar muzeydə, onların tarixi inkişafına uyğun olaraq, ardıcıllıqla yerləşdirilmişdir.
Muzeydə həmçinin kənd təsərrüfatının yeni, məhsuldar bitki sortları, heyvan cinslərinin yaradılmasının nəzəri əsaslarını hərtərəfli şərh edən və onun hərəkətverici qüvvəsinin süni seçmə olduğunu göstərən müxtəlif ekspozisiyalar da nümayiş etdirilir. Muzeydə Azərbaycanın faunasını əks etdirən ekspozisiya və eksponatlar xüsusi bölmədə yerləşdirilmişdir. Burada 70-dək quş növünün (kəklik, qartal, tovuz, turac, ördək və s.) müqəvvaları qorunub saxlanılır.
Muzeyin kolleksiyaları Biologiya fakültəsində tədris prosesində geniş istifadə edilir, yüksək ixtisaslı bioloqların hazırlanmasına xidmət edir.
.