BDU-nun nəzdində “Gənc istedadlar” Liseyi 14 illik fəaliyyəti dövründə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq bilikli və innovativ düşüncəyə malik vətənpərvər gənclərin yetişdirilməsinə xidmət edir.Ulu öndər Heydər Əliyev gənclərin hərtərəfli, ahəngdar inkişafında təhsilin imkanlarını yüksək qiymətləndirir, millətin, müstəqil dövlətin təməli olan təhsilə xüsusi qayğı göstərirdi. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərdə vətəndaşlıq mövqeyinin formalaşmasında, xüsusi istedadı olan gənclərin üzə çıxarılmasında təhsilə böyük önəm verir. Təsadüfi deyildir ki, 2006-cı il 17 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” qəbul edilmişdir. Bu proqrama uyğun olaraq Azərbaycan Respublikası Təhsil Naziriliyinin razılığı ilə 2007-ci ildən BDU nəzdində “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Liseyin başlıca vəzifəsi milli amallara xidmət edəcək gənc istedadları axtarıb üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, dərin biliyə, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirməkdən ibarətdir. Lisey öz fəaliyyətində ümumtəhsil məktəblərinin nümunəvi tədris proqramlarını əsas götürməklə yanaşı, BDU-nun Elmi Şurasının tövsiyələrini, təhsil və tərbiyə haqqında müasir pedaqogikanın son nailiyyətlərini də rəhbər tutur.