XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Şərqşünaslıq jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “BDU-nun Şərqşünaslıq jurnalı”nın təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən jurnalın təsisçisi və baş redaktoru — BDU-nun Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov nəşrin yaranma zərurəti, tarixi və elmi əhəmiyyəti barədə ətraflı məlumat verib. Akademik Rafael Hüseynov qeyd edib ki, Azərbaycanda şərqşünaslığa həsr olunmuş ilk elmi jurnal 1926-cı ildə “Azərbaycan Dövlət Darülfünunu Şərq Fakültəsi Əxbarı” adı ilə nəşrə başlayıb və həmin dövrdə cəmi 4 nömrəsi işıq üzü görüb. 1970-ci illərdə “Şərqşünaslıq” adı ilə fəaliyyətini davam etdirən jurnal uzunmüddətli fasilədən sonra — 2021-ci ildə yenidən bərpa olunub. Bərpa edilən nəşrin ilk nömrəsi dahi şair Nizami Gəncəvinin yaradıcılığına həsr edilib. Jurnal BDU-da Şərq xalqlarının tarixi, dili, ədəbiyyatı və mədəniyyətinin araşdırılmasında, eləcə də elmi tədqiqatların nəticələrinin geniş oxucu kütləsinə çatdırılmasında mühüm mənbə rolunu oynayır.
Təqdimat mərasimində çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan fakültənin yaranma tarixi, inkişaf mərhələləri, əsas fəaliyyət istiqamətləri, Şərq dillərinin tədrisi, Şərq xalqlarının tarixinin öyrənilməsinə verdiyi töhfələr haqqında məlumat verib, fakültənin inkişafında görkəmli alimlərin rolunu vurğulayıb.
Tədbirdə Şərqşünaslıq fakültəsinin məzunu, diplomat Qaley Allahverdiyev çıxış edərək tələbəlik illərini yada salıb, fakültənin məzunlarının müstəqil Azərbaycan Respublikasının xarici siyasətində aparıcı kadrlar olduğunu qeyd edib.